VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların bir qrupu ilə görüşüb.
 
BAKU.WS-in məlumatına görə, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan qadınlarına təbriki oxunub.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək Silahlı Qüvvələrimizin bütün qadın heyətini bayram münasibətilə təbrik edib və əminliklə vurğulayıb ki, bu gün ölkənin ordu quruculuğunda Azərbaycan qadınının əhəmiyyətli rolu vardır. 

"Bu gün Silahlı Qüvvələrimizdə bir çox hərbi vəzifələrdə və mülki işlərdə xanımlar məsuliyyət hissi ilə çalışırlar. Onların hərbi xidmətdə əldə etdikləri nailiyyətlər, göstərdikləri fədakarlıq nümunələri çoxdur və bu hamımızda hədsiz qürur hissi doğurur. Əminəm ki, hər zaman olduğu kimi bu gün də Silahlı Qüvvələrdə çalışan, xidmət edən qadınlar dövlətin, xalqın və ordu rəhbərliyinin yüksək etimadını əməli fəaliyyətlərində layiqincə doğruldacaqlar" - deyə Müdafiə nazir bildirib.
General-polkovnik Zakir Həsənov çıxışının sonunda qadınları bir daha təbrik edərək onlara cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.

Silahlı Qüvvələrin qadın hərbi qulluqçuları adından çıxış edən tibb xidməti leytenantı Aynur Bayramova dövlətimizin rəhbərliyi tərəfindən ölkədə qadınlarının zəhmətinə verilən yüksək dəyəri diqqətə çatdırıb.

Bayram tədbiri Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri solistlərinin ifasında musiqi nömrələrindən ibarət konsert proqramı ilə başa çatıb.
 
BAKU.WS