Ötən gün saat 19:40-da tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin meyiti dənizdən çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularından Xilasetmə Xidmətindən Baku.ws-ə verilən məlumata görə, 36 yaşlı Mahir Allahverdiyevin meyiti Novxanı ərazisindən 2 km. aralı, Sumqayıt istiqamətində əhalinin çimməsi üçün nəzərdə tutulmayan ərazidə sahildən tapılıb.

"Meyit şəxsin batdığı ərazidən 4,5 km. aralıda tapılıb. Dalğalar meyiti sahilə atıblar. Meyiti ərazidə çimən şəxslər aşkarlayıb”, - deyə xidmətdən bildirilib.

Meyit Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Xatırladaq ki, iyulun 31-də Novxanı çimərliyində tanınmış müğənni Tacir Şahmalıoğlunun kiçik qardaşı 36 yaşlı Mahir Allahverdiyev dənizdə batıb.

Mahir Allahverdiyevin 2 azyaşlı övladı var.

Allah rəhmət eləsin!

 

Ziya Səccad

BAKU.WS