VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu gün saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər.

Daha sonra MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib.

Əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib.

Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb.

İcazəsiz aksiyanın qarşısı alınarkən heç kəs xəsarət almayıb.

Ehsan Zahidov həmçinin qeyd edib ki, hazırda araşdırma aparılır, nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

O, aksiyaya cəhd edən şəxslərin şəhərdən kənara aparılması ilə bağlı sosial şəbəkədə yayılan məlumatların da həqiqəti əks etdirmədiyini bildirib. 

BAKU.WS