VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

BAKU.WS Virtualaz.org-a istinadla bildirir ki, bu barədə yerli KİV-ə polkovnikin yaxınları məlumat veriblər.

Məlumata görə, yaşadığı Beylaqana qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə həbs edilib. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edirlər.

Polkovnik Vəlişov Qadir Saday oğlu Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb və həmin əməliyyat zamanı ağır yaralanıb.

Onu da qeyd edək ki, 1986-cı ildə hərbi məktəbi bitirən Q.Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb.

15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdıb.

Qadir Vəlişov son vaxtlar Naxcıvanski adına Hərbi litseydə rəis müavini vəzifəsini tutub. Silahlı Qüvvələrdən 6 ay əvvəl tərxis olunub.

BAKU.WS