SİZİN REKLAM BURADA!
055 213 76 73


“Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir”.

BAKU.WS Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu DTX rəisi general-leytenant Əli Nağıyev Daşkənddə MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclasıda çıxışı zamanı bildirib.

Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi, bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib.

Ə.Nağıyev həyata keçirilən tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib.

DTX rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
BAKU.WS