SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bəli, mənim qardaşımdır, ancaq mən onun etdiklərinə cavabdeh deyiləm". Bu sözləri Elçin Əlibəylini döyməkdə ittiham edilən Natiq Abdullayevin qardaşı - Olimpiya çempionu Namiq Abdullayev deyir.  

Namiq Abdullayev BAKU.WS-ə açıqlamasında bu xoşagəlməz məsələdə adının hallanmasının doğru olmadığını bildirdi:

"Mənim heç xəbərim yox idi, bu gün eşitdim. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı yoxdur. Hər ikisinin arasında nə olubsa, getsin şikayətini etsin. Mənim adımı nahaq yerə hallandırır. Elçin Əlibəyli o vəziyyətə çatdırıb ki, hamı mənə zəng vurur. Belə etməməli idi. Qanun var, qanunvericilik var.

Bilirsiz ki, mənim işim həm idmandır, həm də qanun keşiyində dayanmaqdır. Kim olursa olsun, fərqi yoxdur, olimpiya çempionudur və ya başqası, hər kəs qanun qarşısında cavab verməlidir. Hər kəs mənim necə nümunəvi vətəndaş olduğumu bilir, heç vaxt qanuna qarşı çıxmamışam, çıxmaram da. İstəyir qardaşım olmur, lap iki gözüm olsun, əgər xəsarət yetiribsə cəzasını çəkməlidir".

N.Abdullayev bu hadisənin qardaşı Natiqin ilk səhvi olmadığını da qeyd etdi:

"O vaxt da buna oxşar məsələ baş vermişdi, Natiq orada-burada mənim adımdan istifadə edib, bəzi işlər görmüşdü. Onun etdikləri çoxlarına bəllidir. Bundan əvvəl də onunla bağlı açıqlama vermişdim. Hamı bilir nə mən, nə də ailəm onun arxasınca gələn deyil. Əlibəyli getsin şikayətini etsin!"

Namiq bəy qardaşı Natiqin heç bir idman uğuru olmadığını qeyd etdi:

"Natiq nə avropa çempionudur, nə də respublika çempionu. Düzdür, idmanla məşğul olub, amma idmanda heç bir nəaliyyəti yoxdur. Ailəmizdə iki çempion var, biri dünya çempionu qardaşım Arif Abdullayev, biri də mən".

Olimpiya çempionumuz açıqlamasının sonunda media nümayəndələrindən belə bir xahiş etdi: "Hər kəsdən xahiş edirəm, media nümayəndələri birdəfəlik bilsin ki, mən qardaşıma görə cavabdeh deyiləm. Bir də qardaşıma görə məni narahat etməsinlər". 



Xatırladaq ki, Namiq Abdullayev güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşüb. Atlanta Olimpiadasında gümüş (1996), Sidney Olimpiadasında qızıl medal (2000) qazanıb. Güləşçimiz həm də 1994, 1995 və 2003-cü illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb. Namiq Abdullayev 1995-ci ildə "Tərəqqi" medalı, 2000-ci ildə "Şöhrət" ordeni, 2012-ci ildə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib.

Namiq Abdullayev 4 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. Əslən Xızı şəhərindən olan Abdullayev çoxuşaqlı ailədə böyüyüb; dörd bacı və beş qardaş. O, 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını, ardınca isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib.

Zülfiyyə Qurbanova
BAKU.WS