SİZİN REKLAM BURADA!
055 213 76 73


Hövsan qızlarının ünvanına təhqiredici ifadə səsləndirdikləri video sosial şəbəkədə yayıldıqdan sonra yoxa çıxan 15 yaşlı Mehdixan tapılıb. Yeniyetmə məhz həmin videoya görə qaçırılıbmış. Onu 2 ay yarım qaranlıq zirzəmidə saxlayıblar. Anası "Səni axtarıram" proqramında oğlunun hərəkətlərinə görə həmin şəxslərdən üzr istədikdən sonra onu sərbəst buraxıblar. 

BAKU.WS
xəbər verir ki, sərbəst buraxıldıqdan sonra anası ilə birlikdə efirə gələn Mehdixan onu oğurlayıb 2 aydan çox əsir saxlayan şəxslərin kimliyini açıqlamayıb. 

Xoşqədəm Hidayətqızının suallarını cavablandıran yeniyetmə həmin şəxslərin onu hədələdiyini deyib:

"Mənə dedilər ki, bir də belə qələt etmə. Qeyrət söhbətinə görə nələr olduğunu gördün. Bizim adımızı heç kəs bilməsin. Belə şey etsən, evinizi başınıza uçurarıq". 

Mehdixan avqustun 11-də iki nəfər tərəfindən 132 saylı avtobusdan qaçırıldığını deyir: "Arxada oturan iki oğlanın yanında oturmuşdum. Düşmək istəyəndə soruşdular ki, sən bu videodakı oğlansan? Hə dedim. Arxadan kəmərimdən tutub buraxmadılar. Dəmir yolu keçən kimi düşdük. Düşən kimi ağ maşın gəldi. Deyəsən əvvəlcədən danışmışdılar. Gözümü bağlayıb apardılar. Hara getdiyimizi bilmədim. Gözümü açanda qaranlıq yerdə olduğumu gördüm. Zirzəmi kimi yer idi. Gündə 2 sosiska-çörək, bir də su verirdilər. 2 aydan çoxdur oradaydım.  Anamın sizin verilişdə üzr istədiyi videonu mənə göstərib dedilər ki, bir də belə qələt etmə. Gözümü bağlayıb haradan götürmüşdülərsə ora - dəmir yolun yanına gətirib buraxdılar". 

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1 maddəsində adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, videoda insanları qəzəbləndirən ifadələri 27 yaşlı İlkin Məmmədli işlədir, o bu sözləri deyərkən Mehdixan Məmmədov sadəcə qımışır. Bundan qəzəblənən kənd sakinləri İlkini üzr istəməyə məcbur etmişdi. Lakin Mehdixan videoda heç bir söz demədiyi üçün üzr istəməsinə ehtiyac olmamışdı. 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov Elşən oğlu sözügedən video sosial şəbəkələrdə yayıldıqdan bir neçə gün sonra - 11 avqustda itkin düşmüşdü. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan yeniyetmə Suraxanı Polis İdarəsinin 30-cu polis bölməsi tərəfindən axtarışa verilmişdi. Axtarışların nəticə vermədiyini görən M.Məmmədovun anası Aygün Qarayeva anası Xoşqədəm Baxşəliyevanın "Səni axtarıram" proqramına üz tutmuşdu.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO