VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda "cin çıxarmaq" adı ilə adamı döyərək öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə baxış iclası keçirilib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etməyiblər. Onlar mərhum Murad Sultanovun atası Şahin Sultanovun məhkəmədə iştirakını tələb ediblər.

Ş.Sultanov zərərçəkmişin hüquqi varisi qismində tanınsa da, məhkəməyə gəlməyib və vəkili vasitəsilə prosesdə təmsil olunub. Təqsirləndirilən şəxslər isə onun özü olmadan məhkəmənin davam etdirilməsinə etiraz ediblər: "Onu atası özü gətirmişdi. Baş verənlərin hamısını da özü görüb. Ona görə də xahiş edirik, özü bura gəlsin, dindirilsin. Onun gəlməsi vacibdir".

Proses növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırmalarla onların Şabran şəhər sakinləri - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib. Şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər.

Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə" etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb.

Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
BAKU.WS