SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən ilin dekabr ayının 5-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində, “Retro” restoranının qarşısında 1981-ci il təvəllüdlü Rauf Rəhim oğlu Vəliyevə qarşı sui-qəsdə cəhd olub.

BAKU.WS xəbər verir ki, həmin gün səhər saatlarında Rauf Vəliyev şəxsi maşınında olarkən Bəhruz Fərruh oğlu Sadıqov ona hücum edib.

Öncə qurbanını üzündən bıçaqlayan Bəhruz Sadiqov, sonradan Rauf Vəliyevi amansızcasına döyüb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rauf Vəliyev həkimlərin səyi nəticəsində həyatda qalıb.

Baş verən cinayətin qurbanı olan Rauf Vəliyev BAKU.WS-ə şikayətində onu döyən şəxsin cinayətinin azaldılmasından narazı olduğunu bildirib. 

“Dəfələrlə ölüm işi ilə əlaqədar məhkum olunan Bəhruz Fərruh oğlu Sadıqov tərəfindən hücuma məruz qaldım.

Avtomobilimdə oturduğum vaxt o, qəfil bıçaqla üz nahiyəmə zərbə endirib. Avtomobildən çıxdıqda məni yerə yıxıb. Ayağımı və qolumu sındırıb”, - deyə Rauf Vəliyev bildirib.

Hadisədən sonra polislər Bəhruz Sadıqovu saxlayıblar. Məsələ ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127-ci və 221,3-cü maddəsilə cinayət işi başlanıb.

Lakin sonradan Cinayət Məcəlləsinin 221,3-cü maddəsi işdən çıxarılıb.

Zərərçəkmiş Rauf Vəliyev də, bundan narazılığını bildirir. O, deyir ki, hadisə ictimai yerdə, insanların gözü qarşısında baş verdiyi üçün həmin maddənin işdən çıxarılması qanunsuzdur.

“Müstəntiq Mehman Ələsgərov işə düzgün baxmır. Həmin şəxs mənim sağlamlığıma ciddi zərər vurub, avtomobilimi əzib.

Bu hadisə insanların gözü qarşısında baş verdiyi halda, heç bir səbəb olmadan 221,3-cü maddə cinayət işindən silinməyib. Çünki bu işin yüngülləşdirilməsi deməkdir”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq niyyətini əks etdirir:

Maddə 221. Xuliqanlıq

221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər.

Min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.2. Eyni əməllər:

221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;

221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə,

yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məsələ ilə əlaqədar şikayətçinin vəkili İsgəndər İsrafilov ilə əlaqə saxladıq. Vəkil BAKU.WS-ə açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 127-ci maddəsilə də xuliqanlıq niyyəti var.

“Digər maddədə, yəni 221,3-cü maddədə guya təkrar xuliqanlıq niyyəti olduğu üçün, bu maddə çıxarılıb.

Əslində isə hadisə ictimai yerdə, insanların gözü qarşısında baş verdiyi üçün Cinayət Məcəlləsinin 221,3-cü maddəsi də bu ittihama əlavə olunmalıdır.

Biz hesab edirik ki, bu qanunsuzluqdur. Bununla bağlı vəsadət qaldırmışıq. Hesab edirəm ki, bu doğru qərar deyil.

Müstəntiq məsələtə ədalətlə yanaşmasa, başqa qurumlara müraciət edəcəyik”, - deyə İsgəndər İsrafilov bildirib.

Vəkil vurğulayıb ki, son dövrlər belə hadisələr tez-tez baş verir:

“Baş verən cinayətlər də, demək olar ki, eyni senari üzrə reallaşır. Maşının qarşısını kəsirlər, manevr imkanını məhdudlaşdırmaqla, şəxsə sui-qəsd törədirlər.

Hadisənin də harada baş verməsi özlüyündə əlavə cinayətdir. Burada bıçaqdan da istifadə edildiyinə görə, cinayət ağır kimi qiymətləndirilməlidir”.

Məsələyə aydınlıq gətirmək üçün müstəntiq Mehman Ələsgərovla əlaqə saxladıq. Müstəntiq BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda iş Binəqədi rayon əhkəməsindədir.

“Onun işi məhkəmədədir. Bütün məlumatlar Binəqədi rayon məhkəməsindədir və orada araşdırma aparılır. İstintaq aparılıb və belə qənaətə gəlinib və maddə çıxarılıb.

İstintaqın sirri olduğu üçün ələvə məlumat verə bilmərəm”.

Cavid Babayev
BAKU.WS