SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur modelyer Leyla Əhmədova iyunun 19-da məhkəmədə qəfildən hucum edərək, hakimin masasındakı kompüterin işini dayandırıb, ona qoşulu səsgücləndiriciləri çıxarıb atıb.

BAKU.WS Bizimyol-a istinadən xəbər verir ki, bu hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində, modelyerin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş üç nəfərin – Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütvəliyevin işinə baxılarkən baş verib.

Məhkəmədə L.Əhmədova ilə təqsirləndirilən şəxslərdən birinin arasındakı telefon danışığının yazısı dinlənilib. Həmin danışıqda L.Əhmədova şikayəti geri götürmək üçün 300 min manat pul istəyir. Bu danışıq istintaq vaxtı olub.

Daha sonra təqsirləndirilən şəxslə modelyerin atası arasındakı danışığın yazısı dinlənilməyə başlarkən L.Əhmədova hakimlərin qarşısındakı masaya hücum edib, kompüteri götürüb, audio-yazını dayandırıb, ona qoşulu səsgücləndiriciləri çıxarıb yerə çırpıb.

Hakim Mirzə Xankişiyev modelyerə xəbərdarlıq edərək, onun hərəkətinin xuliqanlıq olduğunu nəzərinə çatdırıb.

Məhkəmə prosesi iyulun 3-də davam edəcək.

İttihama görə, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar istintaq dövründə L.Əhmədovaya 250 min manat verdiklərini və əllərində bunu təsdiqləyən sənəd olduğunu bildirirlər.

Təqsirləndirilən şəxslərdən yalnız C.Eyvazovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki şəxs isə ev dustaqlığındadır.

Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
BAKU.WS