SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçuların pul təminatının azalması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Silahlı Qüvvələrin maliyyələşməsi haqqında bəzi elektron kütləvi informasiya vasitələrində yalan və əsassız məlumatların yer alması yalnız təəssüf və təəccüb hissi doğurur: "Müdafiə Nazirliyi səsləndirilən bu qeyri-ciddi iddiaları tamamilə rədd edir. Belə ki, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən illə müqayisədə xeyli miqdarda artıb. Hərbi qulluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Tam əksinə, mərkəzi aparatda və qərargahlarda aparılan ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi qulluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib”.

Məlumatda qeyd olunur ki, 2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətlərdə görülən işlər yenə də davam etdiriləcək:  "İl ərzində 10-a yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzillərin istifadəyə verilməsi planlaşdırılır. Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək "Açıq qapı günü”ndə valideynlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar. Eyni zamanda, döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcək. Bir daha bildiririk ki, Silahlı Qüvvələrimizlə bağlı hər hansı məlumat yayarkən şəxsi maraqları kənara qoyub, xalqın maraqlarından və dövlətin təhlükəsizliyi mənafeyindən çıxış etmək zəruridir. Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcək”.

 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS