055 213 76 73
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.
Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub.
Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilib, müvafiq sorğular verilib.
E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir.
Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq.
BAKU.WS