SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhəri iki ağır yol qəzası xəbəri ilə açdıq. Hər iki qəzada ümumilikdə 6 nəfər öldü. Xəsarət alanların sayı isə 30 nəfər idi.

BAKU.WS xəbər verir ki, hələ keçmiş Nəqliyyat Nazirliyi 2010-cu il mayın 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edərək, şəhərlərarası sərnişin avtomobillərinin gecə saatlarında fəaliyyət göstərməsini qadağan etmişdi. Bu addım yollardakı qəzaların azalmasına hesablanmışdı. Həqiqətən də qərarın qüvvəyə minməsindən sonra yollardakı qəzaların sayı bir qədər azalmışdı. Bəs indi şəhərlərarası yollara nəzarəti həyata keçirən qurumlar bu qərarın icra olunmasına nəzarət edirlərmi? Ümumiyyətlə qəzaların sayının azalması ilə müşayiət olunan bu qərar hələ də qüvvədədirmi?    

Qeyd edək ki, Yardımlı Sumqayıt qeyri-müntəzəm marşrut xətti üzrə sifarişlə fəaliyyət göstərən avtobus gecə saatlarında qəza törədib. Yəni sürücü qaydanı pozaraq gecə saatlarında yola çıxıb. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirir ki, şəhərlərarası qeyri-müntəzəm marşrutlara nəqliyyat qurumları nəzarət etmir: 

"Yardımlı Sumqayıt qeyri-müntəzəm marşrut xətti üzrə olub, sifariş əsasında sərnişin daşıyan avtobusdur hansı ki, gecə çıxıb. Həmin o qəzayla bağlı onu deyim ki, müntəzəm marşrut xəttinin sərnişin avtobuslarının ölkə daxilində gecə saatlarında hərəkəti qanunla qadağandır. Amma təəssüflər olsun ki, Yardımlı Sumqayıt qeyri-müntəzəm marşrut xətti olduğu üçün biz onun vaxtını təyin edə bilmirik. Yəni, biz ona rəsmi vaxt verə bilmirik".

Nuridə Allahyarova bildirir ki, digər Yevlax Mingəçevir marşrut xətti üzrə hərəkət edən sərnişindaşıma avtobusu isə müntəzəm marşrut xəttidir və qəza səhər saatlarında baş verib. Yevlax Mingəçevir müntəzəm marşrut xətti rəsmidir və o gecə yola çıxmayıb. Qəzanın səbəbi istintaqdan sonra məlum olacaq.

"Qəzaya səbəb avtomobilin texniki göstəricisinin aşağı olduğu və ya sürücünün səhvi ucbatından baş verdiyi müəyyən olduqdan sonra biz həmin sürücünün fəaliyyətinə xitam veririk. Hələ ki, bunlar yalnız ehtimallardır. İstintaqın nəticəsi yoxdur. Qeyri müntəzəm marşrut xəttinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti nəzarət etmir. Yəni, qeyri-qanuni marşrutlara nəqliyyata aid qurumların heç biri nəzarət etmir. Onlara nəzarət edən aidiyyatı olan qurumlar var"-deyə, Nuridə Allahyarova bildirib.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, sərnişin daşıyan avtobusların gecə saatlarında yola çıxmasına nəzarət olduqca zəifdir və bu işin məsuliyyəti daha çox Dövlət Yol Polisinin üzərinə düşür:

"Şəhərlərarası marşrutu xəttini həyata keçirən sərnişin avtobuslarının gecə saatlarında xəttə buraxılması qanunla qadağandır. 
Sonrakı illərin təcrübəsi onu göstərdi ki, bu qanuna bir müddət riayət olunsa da, sonra yenidən şəhərlərarası avtobuslar gecə saatlarında sərnişin daşımağa davam edirlər. Bu da ondan xəbər verir ki, bu məsələ üzərində nəzarət olduqca zəifdir. Düşünürəm ki, öncə aidiyyatı strukturlar yəni,  Dövlət Avtomobil Nəqliyyat xidməti bu məsələyə daha ciddi nəzarət etməlidir".

Azər Allahverənov onu da qeyd edir ki, avtovağzaldan çıxan avtobuslara nəzarət etmək çox asandır. Amma bəzi hallarda biz ona şahid oluruq ki, 28 May , 20 yanvar, Gənclik metrostansiyası və Şamaxinka ərazisində mikroavtobuslar dayanır və onlar müxtəlif rayonlara sərnişin daşıyırlar.  Belə olduğu halda Dövlət Avtomobil Nəqliyyat xidməti nəzarəti lazımi səviyyədə həyata keçirə bilmir. Ona görə də, bu məsələdə Dövlət Yol Polisi daha fəal olmalıdır.

"Lakin istənilən halda mən düşünürəm ki, söhbət sərnişin daşımadan gedirsə, bu şəhərlərarası olsa da sistem ciddi şəkildə qurulmalı və bunun üzərində də nəzarət mexanizimi yaradılmalıdır. Hələ ki, bununla bağlı qanunvericilikdə bir cəza tətbiq edilməyib. Düşünürəm ki, qəzanı gözləmədən, yəni faciə baş vermədən əvvəl avtobus sürücüləri ilə bağlı dərində arşdırılma aparılmalıdır və həqiqətən də gecə saatlarında yola çıxan sürücü gündüz saatlarında da yola çıxmış ola bilər. Gecə saatlarında yola çıxmaq kifayət qədər təhlükəlidir. Ona görə də bu məsələr dərindən araşdırılmalı və xüsusi mexanizm tətbiq olunmalıdır" -deyə, Azər Allahverənov qeyd edib.

Məsələyə münasibət bildirən BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, avtobusların dəqiq marşrut xətti ilə işləmədiyi üçün onlarla bağlı hansısa tədbir görmək olmur.

"Bu gün qəzaya düşən mikroavtobus marşrut xətti üzrə hərəkət etməyib. Həmin mikroavtobusu sövdələşmə əsasında şəxsi avtomobil kimi çağırıblar. Marşrut xətti üzrə hərəkət edən avtobuslar əsasən, avtovağzalın nəzarəti altında işləyir", - deyə Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, əgər, gecə vaxtı hansısa avtobus rayona gedirsə, bu sürücünün ya qohumu, ya da yaxınlarıdır. Yəni, onlar dəqiq marşrut xətti ilə işləmədiyi üçün onlara hər hansı tədbir görmək olmur.

"Gecə vaxtı insanları saxlamaq olmur. Çünki bu reys avtobusu deyil. Xüsusilə də, mikroavtobuslar. Bu avtobuslar ailəsi və ya tanışları ilə gedirsə, onları saxlayıb, nəyinsə əsasında hərəkətlərinə qadağa qoymaq mümkün deyil", - deyə Kamran Əliyev qeyd edib. 
 
Lalə Ramizqızı
BAKU.WS