VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycana satmaq məqsədi ilə 7 kiloqramdan artıq tiryək gətirən şəxslər saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən keçirilib.


Keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Sabirabad rayon sakinləri Azər İsmailov və tanışı Nadir İsmayılov saxlanılıblar.


Onların əlində olan 3 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 490 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə ediblər.


Onlar tiryəki satmaq niyyəti ilə yaşadıqları Sabirabad rayonuna aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS