SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir neçə ay bundan əvvəl qadın xəstəliyilə bağlı müalicə alan və əməliyyat olunan qadın səhhətinin yaxşılaşmadığından şikayətlənib.

BAKU.WS xəbər verir ki, bu barədə “İnstagram” səhifələrində narazı xəstə video müraciət edib. O, müraciətində əlinin hər yerdən üzüldüyünü və ölkə başçısına müraciət etdiyini bildirib.

“Mən “Baku Medical Plaza”da həkim İlahə Quliyeva tərəfindən əməliyyat olundum. Əməliyyatdan sonra özümü yaxşı hiss etmədim. Dedim ya pulumu qaytatın, ya da yeni əməliyyat edin. Həkim mənə kobud cavab verdi”, - deyə qadın bildirib.

Xəstə qeyd edib ki, daha sonra Səhiyyə Nazirliyilə də əlaqə saxlayıb. Lakin nazirlikdən bildiriblər ki, həkim xəstəni normaya uyğun əməliyyat edib. Əməliyyat zamanı heç bir səhv olmayıb.

“İki aydan sonra məktubun cavabı gəldi ki, əməliyyat uğurlu olub. Heç bir tibbi ekspertiza etmədilər. Məni heç bir müayinə etmədən bu cavabı verdilər”, - deyə qadın bildirib.


Məsələ ilə əlaqədar “Baku Medical Plaza”nın ginekoloq həkimi İlahə Quliyeva ilə əlaqə saxladıq. Məlum oldu ki, şikayətçi qadın problemi ilə bağlı əməliyyat olunub.

İlahə Quliyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, onu ittiham edən qadının heç bir əsası yoxdur.

“Tam şər və böhtan atır. Bununla bağlı Səhiyyə Nazirliyinə də şikayət etmişdi. Nazirlikdən araşdırdılar və qadının haqsız olduğunu bildirdilər. Onun xəstəlik tarixi var, araşdırdılar, nəticə çıxartdılar. Mən daha açıq danışa bilmirəm. Əməliyyat uğurlu keçib. Sadəcə şantaj edir”, - deyə İlahə Quliyeva bildirib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, əgər məktuba cavab verilibsə, bu mütləq araşdırmalar nəticəsində yazılıb.

“Şikayət araşdırılandan sonra cavab verilib. Araşdırmalar zamanı həmin qadının özünə ehtiyac olmur. Xəstəxanada toplanan analizlərə görə, nəticə əldə olunur. Ümumiyyətlə arayış xəstəlik sənədlərinə əsasən toplana bilər. Xəstəlik barədə sənədə əsasən rəy verilə bilər. Konkret bu xanıma gəldikdə isə onun şikayəti varsa, hüquq-mühafizə orqanlarına şikayət edə bilər”, - deyə açıqlamada bildirilib.

Ziya SƏCCAD
BAKU.WS