SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan qəza baş verib.

Bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin qəzada 2 nəfər ölüb.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaqla Cavadov Rəşad Rəhim oğlunun idarə etdiyi “Hyundaı Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Martın 5-də R.Cavadova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisənin görüntülərini “Qafqazinfo” saytı yayımlayıb.

Ziya SƏCCAD
BAKU.WS