Masallıda qaçırılan qızın qohumları oğlan evinə hücum edib. 4 nəfər birləşərək evin əşyalarını dağıtdıqdan sonra ər-arvadı bıçaqlayıblar.

Evin şüşələri sındırılıb,əşyalar dağıdılıb..

Masallı rayonunda qaçırılan qızın qohumları oğlanın evinə hücum edərək, evdəkilərə bıçaqla xəsarət yetiriblər. Hadisə rayonunun Alışanlı kəndində baş verib. Kənd sakini 50 yaşlı Xalıq Həsənovun iddiasına görə onun yaşadığı evə 4 nəfər basqın edərək özünü və onun həyat yoldaşı, 50 yaşlı Xanım Həsənovaya bıçaqla xəsarət yetiriblər.

Xalıq Məmmədovun bildirdiyinə görə oğlu 21 yaşlı Nahid Həsənov bir gün əvvəl qonşu Səmidxanlı kəndindən qız qaçırıb. Qız öz istəyi ilə qaçdığını yazılı şəkildə bildirib. Bununla razılaşmayan qohumlar oğlanın atasının evinə hücum çəkərək qızın geri qaytarılmasını tələb ediblər. Qızı evdə görmədikdə ev əşyalarını dağıdıblar. Hadisədən sonra xəsarət alan şəxlər xəstəxanaya aparılıb. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə ilə bağlı ev sahibi polisə məlumat verib. Evə basqın edən 4 nəfər saxlanılıb və izahatları alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS