SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib.

BAKU.WS
  qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə E.Məcidov ifadə verərək ailəsinin dağılmasında qayınanasını günahlandırıb.

Daha sonra boşanmalarından və uşaqları ona göstərməməkdən, görüşmələrinə icazə vermədiklərindən danışıb:

“Axırıncı dəfə uşaqlarla icra şöbəsində görüşməyə razılaşdıq, qayınanam və qayınatam da gəlmişdi. Otaqdan çıxıb, uşaqlarımla söhbət eləməyimə imkan vermirdilər. Uşaqları mənə qarşı öyrədirdilər. Orada oğlum mənə dedi ki, sən yaxşı ata idin, sonra pis ata oldun. Dedim axı niyə? Nə qədər ki, siz mənim yanımda idiniz, mən yaxşı ata idim. Sonra biz bir-birimizdən ayrı düşdük, sən məni pis ata kimi görürsən.

Qayınatam həmin vaxt uşaqların yanında məni təhqir eləməyə başladı. Əsəbiləşdim, ona dedim ki, uşaqların yanında mənimlə işin olmasın. Yenə başladı təhqiramiz ifadələr deməyə. Bu kişi mənə əl atdı, əlini tutdum, sifətinə bir neçə zərbə vurdum, qaldı yerdə. Məndə beşbarmaq olmayıb. İstəsəydim, ona elə zərbə vurardım, bir daha qalxa bilməzdi. Mənim ayağımdan tutub, itələməyə başladı. Orada stullara dəydim, sol ayağım zədələndi, şalvarım cırıldı. Mən arxası üstə qapıya dəydim, qapı açıldı. Vüqargil gördülər, ayağımdan dartırdı. Məni ayırdılar, bir otağa gətirdilər. Mən beşbarmağı corabda necə saxlaya bilərəm axı. İstintaq düzgün aparılmayıb.

Kifayət qədər ağır maddələrdi. Əvvəla, beşbarmaq olmayıb. Orada xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmadan söhbət gedə bilməz. Bizim aramızda mübahisə olub, planlaşdırılmış şəkildə gedib onu vurmamışam. Onun hərəkətlərinin nəticəsində bunu vurmuşam.

Hadisədən sonra oranı tərk etməmişəm. Nəzarətçi polisin yanında bir boş otaq vardı, orada oturtdular. Mən bir saniyə belə o binanı tərk eləməmişəm. Beşbarmaq olsaydı, orada olardı. Axıra qədər də yanımda adam olub".

Proses fevralın 26-da davam etdiriləcək.

Qeyd edək ki, E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub.

BAKU.WS