SİZİN REKLAM BURADA!
055 213 76 73



Fevralın 8-dən 10-dək Danimarkanın Aalborq şəhərində yeniyetmələr və gənclər arasında karate üzrə Avropa çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, milli komandamızın da qatıldığı yarışda 51 ölkədən mindən artıq idmançı tatami üzərində öz qüvvəsini sınayıb. Yarışın nəticələrinə əsasən, ölkəmizin yığması ümumi komanda hesabında 4-cü pillədə qərarlaşıb.


Milli komandanın tərkibində DİN İdman Cəmiyyətinin yetirməsi Əminağa Quliyev də qələbə uğrunda mübarizə aparıb.

Çəkisi 61 kiloqramadək olan idmançıların yarışında ölkəmizi təmsil edən Ə.Quliyev finala gedən yolda Kosovo, Gürcüstan, Latviya və Yunanıstan idmançılarına qalib gəlib.


Həlledici görüşdə Belçika karateçisi ilə qarşılaşan idmançımız rəqibinə heç bir xal vermədən qitə çempionu olub.

Təmsilçimizi ilin sonunda daha mötəbər yarış - iki ildən bir keçirilən yeniyetmə və gənclərin karate üzrə dünya çempionatı gözləyir.


Qeyd edək ki, Əminağa ötən ilin dekabr ayında İtaliyanın Venesiya şəhərində karate üzrə keçirilən Gənclər Liqasının gümüş mükafatçısı, ikiqat respublika çempionu və beynəlxalq turnirlərin qalibidir.

Ə.Quliyevi yarışa hazırlayan DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov yetirməsinin bu uğurunu şərh edərkən bildirib ki, karateçimizin potensialı daha böyük qələbələrə ümid verir və o, mötəbər yarışlara hazırdır.

BAKU.WS