SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakıda yaşlı kişinin halı pisləşsə də, onu təcili yardım maşınları xəstəxanaya aparmayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib və video görüntü yayılıb. Paylaşılan videodan da göründüyü kimi 2 təcili tibbi maşını halı pisləşən şəxsi xəstəxanaya aparmaq istəməyiblər.

Bildirilir ki, həmin maşınlardan biri özəl, digəri isə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına məxsusdur.

"Saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığından keçərkən bir xeyli insanın toplaşdığını gördüm. Hadisə yerinə yaxınlaşanda aydın oldu ki, bir yaşlı kişinin halı pisləşib.

Toplaşan insanlar isə ona kömək etməyə çalışır. Hadisə şahidləri bildirdilər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb.

Mən orada olduğum müddətdə də 2 təcili tibbi yardım maşını həmin ərazidən keçirdi.


Biri özəl klinikalardan birinə məxsus, biri isə dövlətə məxsus. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, saxlamadılar.

Həmin videonu aşağıda paylaşacam. Yol polisi məsələyə qarışdıqdan sonra 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya qaldırdılar", - deyə bildirilib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, əslində həmin avtomobildə tibbi işçilər olmadığı üçün maşın xəstəni götürməyib.

“Bu gün səhər saat 11:35-də dövlət stansiyasına məxsus təcili yardım maşını yoldan keçib. Bu zaman maşın nasaz olub və qaraja gedirmiş. Avtomobilin içərisində həkim və tibb bacısı olmayıb. Bu zaman 71 yaşlı Seyfulla Verdiyevin yolda halı pisləşib. Dərhal təcili yardıma müraciət edilib və saat 11:47-də əraziyə təcili yardım gəlib. Halı pisləşən şəxsə yardım göstərilib və xəstəxanaya aparılıb”, - deyə rəsmi məlumatda bildirilib.

Ziya SƏCCAD
BAKU.WS