SİZİN REKLAM BURADA!
055 213 76 73



Şıltaqlığına baxmayaraq, onun qorxmazlığı, cəsarəti, dönməzliyi, əsl kişi prinsipiallığı hamıda böyük rəğbət oyatdı, onu aləmə tanıtdırdı

Modern.az xəbər verir ki, bir müddət əvvəl sumqayıtlı Ərhun bala ilə bağlı əhvalatı çoxları hadisə adlandırsa da, əslində bu, hadisə deyil, sadəcə 4 yaşlı uşağın - "kişi qırığının" bir tərslik, qətiyyətlilik, dönməzlik sərgüzəşti idi. O əhvalatda "hadisə"lik bir şey olmayıb.

O, ara-sıra olduğu kimi yenə də evdə tək qalaraq, televizorda uşaq filminə baxa-baxa özündən 3 yaş böyük olan bacısı Duyğu ilə məktəbdən qayıdan anasının gəlməsini gözləyirmiş. Lakin anası 3-cü mərtəbədəki mənzillərinə qalxaraq, açarla qapını açmaq istərkən nə isə Ərhunun xoşuna gəlməyib və hirslənərək, qapını arxadan bağlayıb. Anası və bacısı nə qədər yalvar-yapış eləyib, ondan qapını açmağı xahiş etsələr də, Ərhun tərsliyindən dönməyib.

Səsə qonşular da çıxıb. Onu dilə tutmağa çalışan qonşusu, yaşlı bir kişi ona "ağıl vermək" istəyəndə cavab verib ki, "sən kimsən ey, mən səni tanımıram". Anası da, qonşular da çox narahat olub, Ərhunu şirin dilə tutaraq, yola gətirməyə çalışsalar da, yenə heç nə alınmayıb. Uşaq kimi başını vəd etdikləri çoxlu konfetlə, oyuncaq maşınlarla, hətta mobil telefonla aldatmağa çalışsalar da, razılaşmayıb.

İki saatdan da çox aparılan "rəsmi danışıqlar" heç bir fayda verməyib. Axşama yaxın hava qaraldığından qərara gəlinib ki, çöldən, ümumi şitdən işığı söndürsünlər, bəlkə qaranlıqdan qorxub, dərhal qapını açsın. O isə heç kefini pozmadan qapıya yaxın gələrək hirslə qışqırıb ki, "işığı yandırın, mən televizora baxıram, onsuz da qapını açmayacam".


Ərhunu yola gətirə biləcəklərinə inanan, lakin onun tərsliyindən dönmədiyini görüb, əlacsız qalan anası uşağın başına bir iş gələcəyindən ehtiyat edərək, oğlunun atasına - bayaqdan narahat etmək, həyəcanlandırmaq istəmədiyi, işdə olan tanınmış jurnalist Zaur Əhmədə zəng edib, məsələni danışb. Uşağın "tərs" olduğunu bilən atası yeganə çıxış yolunu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şöbəsindən kömək istəməkdə görüb.

FHN-nin xilasediciləri ilə birgə çağırışa gələn polis əməkdaşlarının, hətta tibb işçilərinin də Ərhunla "islahedici" söhbətləri baş tutmayıb. Ona qapı arxasından hədə-qorxu ilə, sərt şəkildə "aç qapını!" deyib, qışqırsalar da, sakitcə cavab verib ki, "mən qorxmuram, çıxın gedin". Belə olduqda xilasedicilər qərara gəliblər ki, son varianta əl atsınlar. Ancaq onlar qonşunun balkonundan keçərək, pəncərədən mənzilə daxil olduqda gördüklərinə inanmayıb, təəccüb ediblər.

İki saatdan da çox hamını həyəcanda, gərginlikdə saxlayan balaca Ərhun heç nə olmayıbmış kimi sakitcə divanda uzanıb (atasının dediyi kimi, sanki "beşulduzlu" oteldə dincəlirmiş), ayağını da ayağının üstə aşırıb, maraqla televizora baxırmış. Birdən yanında yad bir adamın - xilasedicinin dayandığını görsə də, nəinki qorxmayıb, heç eynini də pozmadan sakitcə soruşub ki, "sən kimsən ey, hardan gəldin?"

Xilasedicilər onu yanlarına alıb, mənzilin çıxışına doğru gedərək, qapını açanda Ərhun anası və bacısından xəbəri yoxmuş kimi hələ soruşub da ki, "siz də burdasız?".


Bu balaca uşağın anlaşılmaz tərsliyi, yaşına uyğun olmayan prinsipiallığı bir yana, onun hədə-qorxular qarşısında geri çəkilməməsi, hətta təkcə qaranlıqda qalmaqdan da qorxmaması bugünə kimi də hamını heyrətləndirir. Ancaq əslində Ərhunun "kim olduğunu" bildikdə təəccüblü heç bir şey qalmır. Belə ki, onun Əhməd babası aylarla Qarabağ uğrunda döyüşlərdə düşmənə qarşı igidliklə vuruşub, qəhrəmanlıqlar göstərib, Vətən yolunda şəhid olub.

Bəli, Ərhun Azərbaycanın qeyrətli, igid, vətənpərvər oğullarından olan Əhməd Teymur oğlu Məmmədovun oğul nəvəsi, nəslin davamçısıdır. Əhməd babası bir vaxtlar Sumqayıtdakı "Sintezkauçuk" zavodunun işçisi olub. O, 3 uşaq atası kimi müharibəyə getməyə də bilərdi. Ancaq doğma Qarabağın, böyüyüb boya-başa çatdığı Cəbrayılın düşmən tapdağı altinda qalmasıyla barışmayaraq, qəlbinin hökmü ilə könüllü olaraq cəbhəyə, azğın düşmənlə döyüşlərə yollanmışdı.

Cəbhədən yalnız bir dəfə, həm də cəmi iki-üç saatlığa kəndə, ailəsini, azyaşlı övladlarını görməyə gələ bilmişdi. Evdəkilərin daha döyüşə getməməsi, uşaqlarının yanında qalması üçün etdikləri təkidlərə baxmayaraq, yenidən cəbhəyə, hər zaman onun şücaətinə arxalanan igid döyüş yoldaşlarının yanına qayıtmışdı. Onunla birlikdə dostları daha güclü, daha hünərli olurdular. Cəmi 35 yaşlı olan, mərdliyi, şücaət və qorxmazlığı ilə döyüş dostlarının rəğbətini qazanan Əhməd Məmmədov özünün son döyüşündə də igidliklə vuruşaraq, qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır.


Bəli, 4 yaşlı Ərhun Zaur oğlu Məmmədzadə yalnız saçının qıvrımlığı ilə deyil, özünün qorxmazlığı, tərsliyi, prinsipiallığı ilə də Vətən yolunda şəhid olmuş igid babasına oxşayır.

Yəni ki, qorxmazlıq, cəsarət və prinsipiallıq bu "balaca kişi"nin qanındadır.

Kiçik yaşında belə qətiyyətli, sözündən dönməyən, aləmi bir-birinə qatan bu oğulla ancaq fəxr etmək olar! Qarabağı ancaq Ərhun və onun kimi qeyrətli oğullar geri ala bilər!

Bəli, oğul belə olar! Əhsən sənə, Ərhun! Sən 20 dekabrı tarixə saldın, özün də düşdün tarixə!


Görünür, Ərhun atasının ona verdiyi adı hələ uşaq yaşlarından doğrultmağa çalışır. Axı, ƏR əsl kişilərə deyilir. Hun isə II-IV əsrlərdə Volqa çayından Reyn çayına qədər böyük bir ərazini tutaraq hökmranlıq etmiş türk tayfası Hunların adından götürülüb. Hunlar türk dünyasının ən məşhur sərkərdələrindən olmuş, "Avropanın imperatoru" titulunu qazanmış Atillanın dövründə İtaliyaya kimi gedib çıxmışdılar.

100 yaşa, igid, qorxmaz, cəsur bala - gələcəyin Atillası!

P.S. Təəssüf ki, bəzi sosial şəbəkələr adəti üzrə şablon xəbər üslubundan yapışaraq, oxucunun maraq və diqqətinə nail olmaq üçün vəziyyəti dramatikləşdirməyə çalışıb, xəbər yaymışdılar ki, "4 yaşlı uşaq evdə bağlı qapı arxasında köməksiz qalıb". Onlara demək istərdim ki, dostlar, hər bir situasiyaya fərdi yanaşmaq lazımdır. Ərhun - o 4 yaşlı igid oğul köməksiz qalmayıb ey, valideynləri, qonşular köməksiz qalıb.

BAKU.WS