SİZİN REKLAM BURADA!
055 213 76 73



Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Dekabrın 24-də Nazirliyin Baş İctimai Təhlükəsizlik, Sumqayıt və Abşeron şəhər-rayon polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Sumqayıt şəhəri ərazisində 3, Xırdalan şəhəri ərazisində isə 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 7 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunmuşlar.

Bu istiqamətdə reydlər davam etdirilir.

BAKU.WS