SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün saat 08:20 radələrində Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 67-ci kilometrliyində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi 99-MP-962 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilin arxa hissəsinə çırpılıb.

BAKU.WS xəbər verir ki, nəticədə, avtomobildə olan sərnişinlərdən, sürücünün dayısı A.Diniyev hadisə yerində həyatını itirib, sürücü özü, anası, habelə dayısının həyat yoldaşı və dayısı qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Sürücü P.Quliyev ilkin ifadəsi zamanı mərhum dayısının avtomobilin salonundakı saxlanc yerinin qapağını açmağa çətinlik çəkdiyini görüb ona kömək etmək məqsədilə diqqətini yoldan ayırdığını və bu zaman avtomobilin idarəetmədən çıxaraq qarşıda gedən “Kamaz” markalı yük avtomobilinə çırpıldığını bildirib.

Dəfələrlə işıqlandırılmasına, bu istiqamətdə mütəmadi olaraq aparılan təbliğat işlərinə baxmayaraq, hələ də sürücü məsuliyyətsizliyi, diqqətsizliyi növbəti dəfə bir ailəyə bədbəxtlik gətirdi.

Faktlardan, sürücünün verdiyi ilkin ifadələrdən də aydın olduğu kimi hərəkət sürətinin yüksək olduğu avtomobil yolunda sürücünün diqqətini yoldan ayırması, həm özünü, həm də doğmalarını faciəyə sürüklədi.

Bir daha sürücülərimizə diqqətli olmağı, avtomobil idarə edərkən lüzumsuz söhbətlərdən, hərəkətlərdən çəkinməyi tövsiyə edir, məsuliyyət hissini daha da artırmağı xahiş edirik.

BAKU.WS