VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Əvvəl daha rahat idi. İndi dar cins şalvarlar geyinirlər deyə cibgirlik etmək çətinləşib”.

Keçmiş cibgirin bu etirafı indiki reallığı əks etdirsə də, hələ də barmaqları ilə dolanan şəxslər var. Daha çox ictimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə gözə dəyən bu dırnaqarası peşənin sahibləri bəzən siravi vətəndaşdan heç də fərqlənmirlər.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Şəmsəddin Əliyev - Sabiq Polis rəisi: “Bəzən o qədər səliqəli geyinirlər ki, adi insanlardan heç seçilmirlər. Yanında olan adam heç şübhələnmir. Həm də onlar bir yox, bir neçə nəfər olurlar”.

İnsanların fikir dağınıqlığından istifadə edən cibgirlər daha çox əl çantaları və geyimlərin cibinə əl uzadır. Peşəkar cibgirlər istədikləri qəniməti elə ələ keçirir ki, sahibinin heç ruhu incimir.

Elmar Nurəliyev - Ekspert: “Vətəndaşlar öz əşyalarını, çantalarını və digər aksesuarları görünən vəziyyətdə saxlamamalıdırlar. Əşyaları özünüzə yaxın və möhkəm tutmaq lazımdır. Cibgir sizin üzərinizdən nəyisə oğurladısa, həmin dəqiqə reaksiya vermək də olmaz. Çünki onların üzərində kəsici, deşici alətlər ola bilər və sizə zərər yetirə bilərlər”.

Şəmsəddin Əliyev - Sabiq Polis rəisi: “Bəzən avtobus sürücüləri onları tanıyır. İşlərini görən kimi tez avtobusdan düşməyə çalışırlar”.

Son illər cibgirlik cinayətlərinin sayında xeyli azalma var. Şəhərin küçələrində, ictimai yerlərdə kamera müşahidə aparatlarının quraşdırılması cibgirlərin baş ağrısına çevrilib.

Kamran İsgəndərli - Daşıyıcı şirkətin rəsmisi: “Bizə müraciət olunduqda, biz həmin vətəndaşı polis orqanına yönləndiririk. Polisdən daxil olan məlumatdan sonra biz həmin görüntüləri təqdim edirik”.

Cibgirlərin hədəfi olmamaq üçün, ən yaxşı qorunma diqqətdir. Özünüzdən və əşyalarından muğayat olun...

BAKU.WS