Qəbələ rayonunda Suriya vətəndaşı olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlar müalicə üçün Bakıya gətiriləcək.

BAKU.WS
xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan 1 kişi, 3 qadın və 1 yaşlı körpə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada müalicə olunurlar: “Bir nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Bundan başqa, hadisə nəticəsində 1995-ci il təvəllüdlü əcnəbi vətəndaş dünyasını dəyişib”.

Nazirlik rəsmisi əlavə edib ki, xəstəxanada olan 5 nəfər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə gətiriləcək: “Onların vəziyyətləri ağır deyil”.

Qeyd edək ki, Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

BAKU.WS