VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 22-də Sabirabad rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əskinas verərək tütün məmulatı aldığını bildirib.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, sonradan saxta olduğunu aşkar etdiyindən mağazanın sahibi həmin pulu polisə təqdim edib.


Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla yeniyetməyə həmin pulu iki həmyerlisinin verdiyi, sonuncuların isə qeyd edilən əskinası Rəşad adlı şəxsdən aldıqları müəyyən edilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Xəlilzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq 18 ədəd 100 manatlıq, 22 ədəd 50 manatlıq saxta əskinaslar hazırladığı da müəyyən edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.


BAKU.WS