SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycan tankları erməni qüvvələrilə sərhəd və təmas xəttində yerləşdirilib".

BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan hərbi mənbələrindən BBC-nin Azərbaycan xidmətinə bildiriblər. "Çərşənbə günü Azərbaycan tankları Dağlıq Qarabağ regionundakı mövqelərə son 20 ildə ilk dəfə tanklardan atəş açıb" - bunu tanınmamış "DQR" "müdafiə nazirliyi" bəyan edib.

"Azərbaycan döyüş texnikasını istənilən yerdə saxlaya bilər. Hansı istiqamətdə hərəkət etmək bizim səlahiyyətimizdədir" - Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Tanınmamış "DQR" "müdafiə nazirliyi" Azərbaycanın atəşkəs əldə olunandan bəri ilk dəfədir ki, tanklardan istifadə etdiyini desə də V.Dərgahlı bu məlumatı təkzib edib: "Erməni deyir ki, atəşkəs rejimi elan olunandan bəri tankdan atəş açılmayıb. Yalan deyir".

Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin məlumatına görə, son həftə ərzində Dağlıq Qarabağda erməni və Azərbaycan silahlı qüvvələrinin qarşıdurma xəttində gərginlik son dərəcə artıb. Tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə nazirliyi" bildirib ki, Azərbaycan tərəfi tank və qumbaraatanlardan azı 1500 atəş açıb və nəticədə bir əsgər vəfat edib.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, Azərbaycan tərəfi "düşmən atəş açdığı halda ona qarşı daha üstün silahlarla cavab verəcəyi barədə dəfələrlə xəbərdarlıq edib". Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məskənləri yaxınlığındakı ərazilərə minaatanlardan və iriçaplı pulemyotlardan atəş açıb. Erməni tərəfi iriçaplı tüfəngdən Qarabağ təmas xəttindəki mövqelərindən birində müqavilə əsasında xidmət edən 24 yaşlı hərbçi Qarik Avanesyanın öldürüldüyünü deyir.
 
İki gün bundan əvvəl Qarabağ təmas xəttində daha bir erməni əsgər həlak olmuşdu. Erməni tərəfin hərbi rəhbərliyi "düşmənin hərəkətləri” cavabsız qalmayacağını bəyan edib. Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycan tərəfinin "tankdan atəş açmasının gərginliyin yeni səviyyəyə keçməsi təhlükəsini” yaratdığını qeyd edib. Ohanyan təmas xəttində yaranmış vəziyyət haqqında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasperşikə telefonla məlumat verdiyini bildirib.
 
BAKU.WS