SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

T.Məmmədhəsənovun vəkili Vasif İsrafilov vəsatət verərək bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət işinə xitam verilməlidir.

M.Abdullayevin vəkili Ceyhun Yusifov da müvəkkili barəsində eyni vəsatəti qaldırıb: “Bu hadisə qəsdən törədilib, müvəkillim də qurban seçilib. O, 160 manat maaş alan sıravi işçi olub, heç bir səlahiyyəti olmayıb”.

Dövlət ittihamçısı Nəsir Bayramov və zərərçəkmişlər vəsatətin təmin edilməməsini istəyiblər.

Məhkəmə vəsatətləri təmin etməyib.

Təqsirləndirilən Məhəmməd Məmmədov ona qarşı irəli sürülən ittihamı rədd edib: “Göydəki bir Allaha and olsun ki, mənim bu işdən xəbərim yoxdur. Bunlar hamısı mənə qarşı olan şər-böhtandır”.

Zərərçəkmişlər isə dispanser rəhbərliyindən şikayətləniblər: “Hər dəfə 800 manat pul verirdik. Oranın rəhbəri öz evini təmirsiz saxlamaz, amma yararsız yerə o qədər adamı yığmışdılar”.

Proses avqustun 28-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.

BAKU.WS