SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə sürücü ilə yol polisinin mübahisə etməsilə bağlı video yayılıb.

BAKU.WS
xəbər verir ki, bu videonu yayan yol polisi tərəfindən cərimə edilən sürücüdür. Sürücü iddia edir ki, yol polisi qayda pozur.

Sürücü bildirib ki, ona cərimə yazan yol polisi ərazidə çəkiliş apardığını görərkən qaçan zaman yol hərəkəti qaydasını da pozub. Həmin video sosial şəbəkələrdə “Sürücüdən qaçan yol polisi” başlığı ilə paylaşılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurum rəsmisi polkovnik Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda məsələ araşdırılıb. Məlum olub ki, əslində sürücü yol qaydasını pozub.


“99 MT 608 dövlət nömrə nişanlı, "Opel Astra" markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb. Sürücüyə qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib. Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni, yol vermədiyi "Mercedes" markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb. O, həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib. Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb”, - deyə qurum rəsmisi bildirib.

Vaqif Əsədov deyir ki, bu hərəkət dövlət məmuruna qarşı şər və böhtan atmaqdır:

“Şər və böhtan xarakterli video yaydığı üçün sürücü məsuliyyət daşıyır. Bununla əlaqədar adiyyatlı orqanlara müraciət edilməsi nəzərdə tutulub. Yeri gəlmişkən bildirirəm ki, böhtan və şər xarakterli matrealların yayılmasında vətəndaşlar məsuliyyət daşıyır. Bunu unutmaq olmaz. Xidmət zamanı yol polisinin fəaliyyətinə mane olmaq azmış kimi, onun şərəf və ləyaqətini təhqir etmək böyük cinayətdir. Buna görə həmin sürücü məsuliyyət daşıyır. Bu barədə mütləq məhkəməyə müraciət olunmalı və polisin şərəf və ləyaqətini alçaldan vətəndaş qanun çərçivəsində cavab verməlidir”.

Ziya SƏCCAD
BAKU.WS