SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağstafa rayonunda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən avtoqəzada təqsirli bilinən sürücünün məhkəməsi başa çatıb.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 7 il əvvəl Ağstafa rayonunda baş vermiş ağır avtoqəzada təqsirli bilinən, Türkiyə vətəndaşı, 1984-cü il təvəllüdlü Yazıçı Yakup Zulkif oğlunun məhkəməsi başa çatıb. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunan Yazıçı Yakup Zulkif oğlu 10 il 6 ay azadlıqdan məhrum edilib. Eyni zamanda məhkəmədə cəzası başa çatdıqdan sonra 4 il nəqliyyat vasitələrini idarə edə bilməz qərarı da verilib.

Qeyd edək ki, 30 noyabr 2011-ci il tarixdə saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən 450-ci km-də 1967-ci il təvəllüdlü Ağstafa rayonunun Qırlı kənd sakini Aslanov Xaliq İmamverdi oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “VAZ-21011” markalı, 35-BB-417 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yazıçı Yakup Zulkif oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, TR 08 K 6439 dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili toqquşub. Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və sərnişinlər, 2004-cü il təvəllüdlü Aslanov Emin Xaliq oğlu, 2000-ci il təvəllüdlü Aslanova Mətanət Xaliq qızı, 2009-cu il təvəllüdlü Aslanov Teymur Turqay oğlu, 1929-cu il təvəllüdlü Aslanova Güllüzar Ələs qızı, 1958-ci il təvəllüdlü Aslanova Elza Papoy qızı hadisə yerində ölüblər, 1980-ci il təvəllüdlü Aslanova Xatirə Fəxrəddin qızı və 1986-cı il təvəllüdlü Aslanova Aynurə Nemət qızı isə xəsarət alıb.

Hadisədən sonra, Yazıçı Yakup istintaq orqanından qaçıb gizləndiyi üçün həmin dövrdə onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb. Azərbaycan tərəfindən 2015-ci ildə Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış verilib və 2017-ci il ölkə hüdudlarından kənarda həbs olunaraq Azərbaycana gətirilib və məhkəməyə təhvil verilib.

BAKU.WS