Dünən axşam saatlarında Bakıxanov qəsəbəsində keçirilən etiraz aksiyası ilə bağlı hazırda araşdırma aparılır.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, aksiyanın təşkili, səbəbi və saxlanılanlar barədə dəqiq məlumatlar araşdırmalardan sonra məlum olacaq. Daxili İşlər Nazirliyi dünənki aksiya ilə bağlı yaxın saatlarda rəsmi məlumat yayacaq.

Qeyd edək ki, dünən axşam saatlarında 100-ə yaxın islamçı Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirib. Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən bölməsinin qarşısına toplaşmış dindarlar "Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanmasına etirazlarını bildiriblər.

Deyilənlərə görə, Elçin Qasımlı Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb. Bundan hiddətlənən islamçılar və "Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu E.Qasımlının hazırda saxlandığı polis bölməsinin binasını əhatəyə alıblar. Onlar E.Qasımlının dərhal azad olunmasını tələb edib. Amma dindarların bu aksiyası polis tərəfindən dağıdılıb.

Daxili İşlər Nazirliyi Daxili Qoşunların bölmələri Sabunçu Rayon Polis İdarəsinin binasının ətrafına yeridilib. Daxili Qoşun bölmələri polis idarəsinin binasını dövrəyə alıblar. Binaya heç kimin yaxınlaşmasına imkan verilməyib. Bütün giriş-çıxışlar bağlanıb.

İslamçıların kortəbii etiraz aksiyası dağıdılarkən artıq 20-dən çox adam saxlanılıb. Aksiya zamanı saxlanılanlar arasında "Müsəlman birliyi hərəkatı”nın üzvləri Ağaəli Yəhyayev, Elxan İsgəndərov və digərləri var. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da şəxsən hadisə yerində olub.

Ziya Səccad

BAKU.WS

 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ