SİZİN REKLAM BURADA!
055 213 76 73



"Məndən bir keçiyə görə 500 min dollar aldılar. Yazdılar ki, guya keçi və qanadlı qoyun fiqurları qədimi əntiq əşyadır, ölkəyə qaçaqmalçılıq yolu ilə keçirmişəm. Halbuki mən ölkədən çıxmamışdım, sərhəd aşmamışdım”.

 

BAKU.WS-in məlumatlna görə, bu sözləri "Yeni Müsavat”a açıqlamasında sahibkar Əhməd Mirzəyev deyib.

Sahibkar Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən qondarma ittihamla üzləşdiyini, qanunsuz olaraq məhkum edildiyini söyləyib. Ə.Mirzəyev MTN-də başına gətirilən müsibətlərdən sonra həyatının alt-üst olduğunu, xəstəlik tapdığını da gizlətmir.

2010-cu il martın 27-də MTN-ə çağırılan sahibkar oranı 21 gün sonra, çox ağır şərtlər altında tərk edə bilib: "Martın 27-si, Novruz bayramı idi. Məni ora çağıranda hansısa anlaşılmazlıq olduğunu düşündüm. Orada məni Təhsin Ağayevin-MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisinin yanına apardılar. O, elə söhbət aparırdı ki, onun barəmdə xeyli məlumat topladığını başa düşdüm. Deyirdi ki, qaçaqmalçılıqla məşğulam, ona görə də yarım milyon manat verməliyəm. Çaşqın duruma düşmüşdüm. Anlamırdım ki, həmin pulu niyə verməliyəm, hansı qaçaqmalçılıqdan söhbət gedir. Ona dedim ki, özünüz də bilirsiniz ki, restoran biznesi ilə məşğul oluram. Mən qaçaqmalçı deyiləm. O qədər pulumun olmadığını onlara dedim. Həmin pulu niyə verməli olduğumu soruşdum. Cavab verdi ki, biznesin var, pulun var, verməlisən. Dedi ki, sən bir qızıl balıqsan ki, düşmüsən torumuza. Obyektim haqda da məlumat verirdi. Başa düşürdüm ki, barəmdə məlumat yığıblar. Pulumun olmadığını deyirdim, Təhsin Ağayev isə deyirdi ki, pulu verməyəcəksən, buradan da çıxmayacaqsan! Ona dedim ki, axı mənim heç bir günahım yoxdur. Məni pula görə saxlamısızsa, xırda-para verim, əl çəkin. Təhsin Ağayev dedi ki, cənabın göstərişidir, xırdaçılıq eləmə, işləyiriksə, adımıza layiq hesabla işləyək. Sonradan bildim ki, cənab dedikləri nazirləri Eldar Mahmudovdur".

Ə.Mirzəyevin sözlərinə görə, onu həmin gün həbs ediblər: "Elə həmin gün heç bir günahım olmaya-olmaya həbs edib aparıb istintaq təcridxanasına yerləşdirdilər. Dedilər ki, guya Zaur adlı bir keçmiş prokurorluq işçisi ilə qaçaqmalçılıq etmişəm, ölkəyə qədim əntiq əşyalar olan qızıldan keçi və qanadlı qoyun heykəlləri gətirmişəm. Gedib Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan bir arayış alıblar. Guya həmin keçi ilə qanadlı qoyun, özlərinin dediyi kimi, əntiq əşyalardır. Həmin saxta arayışı əsas gətirib məni həbs etdilər. Onlara dedim ki, axı mən ölkədən heç yana getməmişəm, sərhəd keçməmişəm, necə qaçaqmaqlçılıq edə bilərəm? Dedilər ki, artıq suallar vermə, sənin buradan çıxmağının bir yolu var, pul...”

Ə.Mirzəyev deyir ki, o həbsdə olarkən, qardaşı vəkillə müqavilə bağlayıb: "Vəkil yanıma gəldi, durumumu dedim. Ailəmə çatdırdı. Həmin günlərdə Təhsin Ağayev məndən pulu verib-verməyəcəymi soruşurdu. Qardaşıma xəbər göndərmişdim ki, məndən 500 min manat tələb edirlər, verməsəm, buraxmayacaqlar. Ondan həmin məbləği düzəldib verməsini istəmişdim. 2 gün sonra vəkil gəlib dedi ki, pul düzəlmir. Bunu Təhsin Ağayevə dedim. Dedi ki, manatla verə bilmirsənsə, dollarla ver. O vaxt 500 min dollar 375 min manata bərabər idi. Mənə müstəntiq Elşən Murtuzovun xidməti otağında qardaşıma məktub yazdırdılar. Məktubda qardaşımdan 500 min dolları düzəldib verməsini xahiş edirdim. Lakin qardaşım həmin pulu düzəldə bilmirdi. Təhsin Ağayev bunu biləndə dedi ki, sənin Bakıda obyektin var, tapşıracağam, aparıb ”Azəriqazbank"a girov qoysunlar. Mən həbsdə olanda iştirakım olmadan obyektim həmin bankda girov qoyuldu, 375 min manat pulu da götürdülər. Bundan sonra məni zaminə buraxdılar. Həyatımda ilk dəfə istintaqda gördüyüm hüquqşünas Zaur Əliyev isə həbsdə qaldı. Təhsin Ağayev dedi ki, hər ikinizi məhkəməyə göndərəcəyəm, barəndə ittiham hökmü çıxacaq, amma özünü şərti verib azad edəcəklər".

Sahibkar deyir ki, 21 gün MTN-də saxlanıldıqdan sonra azad olunub. Aylar sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: "Məhkəmədə də dedilər ki, oradan gələn ittihamlar təsdiqlənməlidir. Biz sənə ancaq şərti cəza verməklə kömək edə bilərik. Hakim dedi ki, 100 min manat verəcəksən, barəndə 5 il şərti cəza çıxarılacaq. Məhkəmədə bir ekspertiza rəyi ortaya çıxdı. Rəyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi vermişdi. Rəydən belə aydın olurdu ki, MTN-də qədim əntiq əşya, tarixi əhəmiyyət kəsb edən eksponat kimi təqdim olunan keçi ilə qanadlı, buynuzlu qoyunun vur-tut üst-üstə 630 manat qiyməti var. Üstəlik, bir dekorativ baltanı da işə əlavə etmişdilər. Məlum oldu ki, həmin balta dekorativ əşya olduğundan qiymətləndirməyiblər. Bu cür saxta, başdan-ayağa quraşdırma bir ittihamla həbs olunmamağım üçün məhkəmə məndən 100 min manat tələb edirdi. Uzun söhbətlərdən sonra manatı dollara çevirib 100 min dollar aldılar. Saxta hökmlə mənə 5 il şərti cəza verib buraxdılar”.

Ə.Mirzəyev əlindəki resepti göstərib deyir ki, MTN-də üzləşdiyi haqsızlıqlar, ədalətsizliklər üzündən əsəbləri pozulub, səhhətində ciddi problemlər yaranıb: "Günüm 5-6 cür dərman içməklə keçir. Mən Rusiya vətəndaşıyam, orada qazandığım pulu bura gətirib ölkəmdə biznes qurdum. Burada öz azərbaycanlılarıma iş yeri açıb vətəndə yaşayırdım. Bu adamlar mənim həyatımı qaraltdılar. İllərdir ki, banka borc ödəyirəm. Mən prezident İlham Əliyevə güvənirəm. Bu gün mən prezidentdən pozulmuş haqqımın bərpa olunmasını istəyirəm. Baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, iş üzrə qanuni qərar qəbul olunsun, barəmizdəki saxta hökm ləğv edilsin".

Ziya Səccad

BAKU.WS