Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 141-ci kilometrliyində, Şamaxının Şərədil kəndində Şamaxı sakini, 1988-ci il təvəllüdlü Novruzov Cavid Gülabbas oğlunun idarə etdiyi 90-KK-731 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili qarşı tərəfdən gələn Ağsu sakini, İsgəndərzadə Fərəc Azad oğluna məxsus 10-NK-677 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 21015” in sürücüsü Cavid Novruzov və sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS