Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Aeroport şosesində qeydə alınıb.
 
Şosesinin sürətin yüksək olduğu zolağı ilə hərəkətdə olan "Opel" markalı minik avtomobilin damındakı yataq dəsti yolun hərəkət hissəsinə aşıb. "Opel"in sürücüsü Əlipənah Əliyev yataq dəstini yoldan götürmək üçün avtomobili qəfildən saxlayıb. Arxadan yüksək sürətlə gələn "VAZ-2106” markalı maşının sürücüsü yoldakı maneəni gördükdə idarəetməni itirib və avtomobil arxadan "Opel"ə çırpılıb.
 
Qəza nəticəsində "Opel"in sürücüsü Əlipənah Əliyev, avtomobildəki sərnişin, 1965-ci il təvəllüdlü Pənah Cəfərov və "VAZ-2106”-nın sürücüsü, 1989-cu il təvəllüdlü Mirzəyev Azad Mürsəl oğlu xəsarət alıblar. Hər üç nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, Pənah Cəfərov və Azad Mirzəyevin xəsarətləri daha ağırdır və hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadırlar.
 
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya "Opel"in sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.