SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət Təhlükəsizliyi Xidməti antiterror əməliyyatı ilə bağlı görüntüləri yayıb. Həmin kadrlarda terrorçuların Milli Şuranın mitinqində necə terror törətməklə bağlı video-audio materaiallar yer alıb.

Bir neçə gün əvvəl Bakıda məhv edilən terrorçular ''Abdullah'' ləqəbli Azərbaycan vətəndaşı Bəxtiyar Ələkbərov, ''Əbu-Yusif'' ləqəbli Anar Məsimli və ''Əbu-Vakkaz'' ləqəbli Cavid Hüseynlinin terror planları ilə bağlı videoları yayılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı həmin kadrlarda, dəstənin ''əmr''i hesab edilən Bəxtiyar Ələkbərovun Qaradağ rayonu, Lökbətan qəsəbəsində yaşadığı evdə terror törətməklə bağlı təlimləri yer alıb.

Araşdırmalardan sonra məlum olub ki, terror törətmək planı, radikal-dini ekstremist cinayətkar birliyin üzvü hesab olunan, dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak edən Anar Məsimli tərəfindən verilib. O, 2016-cı ildə Azərbaycandakı əqidə yoldaşlarına telefon vasitəsi ilə çağırış göndərib.

Anar Məsimli terror aktının planlaşdırılması, razılaşdırılan vaxtda və yerdə keçirilməsi üçün bu il Azərbaycana gəlib. Müəyyən edilib ki, həmin şəxs Bakıdakı əqidə yoldaşları ilə birlikdə terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıblar.

Səs yazısında terrorçular ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə Bakıda keçiriləcək mitinqlə bağlı da danışıblar. Onlar teraktın ən uyğun yeri kimi məhz Milli Şuranın mitinqini seçirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən məhv edilən həmin terorçuların məskunlaşdığı Abşeron rayon Xırdalan şəhərindəki evə baxış keçirilərkən oradan xeyli sayda silah-sursat, 8 ədəd hazır vəziyyətə gətirilmiş ''Molotov kokteyli'', həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün ''Benqal'' alovu, 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilərək maddi sübut kimi götürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qrupu tərəfindən dəstə üzvlərinin terror aktlarına cəlb etmək istədikləri şəxslər də saxlanılaraq dindirilir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS