VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


8 illik evlilikləri ərzində ər-arvad arasında nə bir dava-dalaş, nə də söz-söhbət olmayıb. Ailə başçısının 25 il Rusiyada yaşayan ögey qardaşı ötən il Azərbaycana deportasiya edilib, Qubaya - ata yurduna qayıdandan sonra isə onların qara günləri başlayıb, münaqişələr adi hala çevrilib. Bir yandan mülk üstündə davalar, digər tərəfdən isə ögey qardaşının onun arvadı ilə isti münasibətlər qurmasından şübhələnən Murad Ələsgərov çıxış yolunu üç uşağının anası – Ulduz Ələsgərovanı öldürməkdə görüb...

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Quba rayon sakini, 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib.

İttihama görə, Murad Ələsgərov həyat yoldaşı Ulduz Ələsgərovanın onlarla eyni evdə yaşayan ögey qardaşı Şeyda Ələsgərovla yaxınlıq etməsindən şübhələnib. Arvadını ögey qardaşına qısqanan ər onu öldürmək qərarına gəlib. O, bu ilin may ayının 20-də səhər saatlarında tövlədə inək sağan Ulduza yaxınlaşaraq baş nahiyəsindən ona ardıcıl zərbələr endirib.

“Onların münasibətlərindən şübhələnmişdim”

Təqsirləndirilən şəxs qismində dindirilən Murad Ələsgərov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində həyat yoldaşı, üç azyaşlı övladı, anası ilə bir evdə yaşadığını, təsərrüfatla məşğul olduğunu göstərib: “Arvadım Ulduzla münasibətimiz əvvəllər yaxşı idi, ailəmizdə söz-söhbət olmazdı. Təxminən bir ildir ki, Rusiyadan deportasiya olunan ögey qardaşım Şeyda bizimlə bir yerdə yaşayır. Şeydayla aramızda mübahisələr düşürdü. Hətta bir dəfə məni yumruqla vurdu”.

Təqsirləndirilən şəxs ifadəsində arvadı ilə ögey qardaşı arasında isti münasibətlərdən şübhələndiyini, onları güdməyə başladığını deyib: “Aprelin 11-də axşam tərəfi Ulduz eyvanda qab yuyurdu. Şeyda çöldən “kim var orda?” deyə soruşdu. Ulduz ona cavab vermədi. Mən otağa keçəndən sonra Ulduz da arxamca gəldi, Şeyda da öz otağına keçdi. Ulduzdan Şeydaya niyə cavab vermədiyini soruşduqda susdu. O vaxtdan bəri onların arasında münasibət olmasında şübhələnmişdim”.

“Hər ikisini izləməyə başladım”

M.Ələsgərov o gündən sonra qardaşı ilə arvadını güdməyə, onların hər hərəkətini izləməyə başlayıb: “İzlədiyimi başa düşmüşdülər, bir müddət nəzərəçarpan hərəkət etmədilər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə küçəyə getmək görüntüsü yaradaraq evin arxasındakı samanlığın arxasında gizləndim. Şeyda Ulduza nəsə dedi, eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən on dəqiqə sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb birtəhər oldu, geri dönüb küçəyə tərəf getdi”.


“Arvadım taxtın üstündə halsız uzanmışdı”

Qətl hadisəsindən iki gün əvvəl yenə də qardaşı ilə arvadını güdən M.Ələsgərov qəti olaraq Ulduzu öldürməyi qərara alır: “Günorta saatlarında başqasına məxsus bağ evində işləmək adıyla evdən çıxdım. Şeyda da mənim arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə, dağa sarı gedib başqa yoldan fırlanıb qonşunun bağına keçib ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm Şeyda balkonda dayanıb, Ulduz isə taxtın üstündə halsız uzanıb. Evin arxasından qapını kim açdığını soruşdum, Ulduz cavab vermədi”.

“Hər şeyi aç danış, sabah Quran gətirəcəyəm”

Mayın 19-da axşam saatlarında qonşudan siqaret almaq bəhanəsiylə küçəyə çıxan Murad heç yana getməyib tövlənin üstündə gizlənib: “Bir qədər sonra Şeyda gəlib tövlənin qabağında dayandı. Ulduz tövlədən çıxıb toyuq hininin qapısını bağladı. Şeyda hinin qabağından aşağıya düşərkən Ulduza “gəl bura” dedi. Amma Ulduz tövlədən süd vedrəsini götürüb evə keçdi. Evə gəlib Ulduzdan Şeydanın ona nə dediyini soruşdum. Ulduz “eşitmədim” deyə cavab verdi. Aramızda mübahisə düşdü. Dedim ki, sabah Quran gətirəcəyəm, özünü yığışdır, hər şeyi aç danış, yoxsa səni boğub öldürərəm”.


“Onu öldürməməyim üçün yalvarırdı”

Arvadının ona xəyanət etməsindən şübhələnən M.Ələsgərov namusunu təmizləmək üçün Ulduzu öldürmək qərarına gəlib. O, sübh tezdən tövlədə inək sağan arvadına yaxınlaşaraq baltayla çiynindən zərbə endirib. Əri ilə əlbəyaxa olan qadın müqavimət göstərib, baltanı əlindən almağa müvəffəq olsa da, ölümün pəncəsindən qurtula bilməyib. Hadisə yerində olan azyaşlı qızcığaz ata-anasının dalaşdıqlarını görüncə tövlədən çıxaraq evə qaçıb. Murad qadının boğazından yapışaraq boğmağa başlayıb. Ulduz yenə də müqavimət göstərdikdə yerdən götürdüyü daşla onun başına zərbə endirib.

Ulduz onun əlindən çıxıb evə doğru qaçarkən baltanın küpüylə qadının kürəyindən vuraraq yerə yıxıb, ona başından və çiynindən ardıcıl zərbələr endirib. Sonra polisə zəng vurub, arvadını öldürdüyünü, gəlib onu aparmalarını deyib: “Ulduzu baltayla vuranda onu öldürməməyim üçün yalvarırdı. Tövlənin qarşısında Ulduzu öldürəndə qızım orada deyildi”.

“Dəfələrlə qızımın ağlamasının şahidi olub”

Zərərçəkmiş şəxs qismində dindirilən Aydın Eyyubov ifadəsində mərhum qızı ilə kürəkəni arasında ciddi problemlərin şahidi olmadığını, qızının kiminləsə münasibəti haqda nə kənddə, nə qohumlar arasında, nə də kürəkəninin özündən heç bir söz eşitmədiyini göstərib:

“Qızımla eyni kənddə yaşayırıq, təsərrüfatla məşğul olduğumuzdan bir-birimizin evinə tez-tez gedib gələ bilmirik. Hadisədən iki ay əvvəl kiçik oğlum onlara gedəndə Ulduzun ağladığını görüb. Sonradan bir neçə dəfə oğlum bunun şahidi olub. Amma qızım ağlamasının səbəbini qardaşına deməyib”.

“Qızımın qaynı ilə münasibəti haqda heç nə eşitməmişəm”

Hadisə baş verən gün A.Eyyubova zəng vurub qızının qətlə yetirilməsini xəbər veriblər:

“Qızımın qaynı zəng vurub “Murad Ulduzu balta ilə öldürüb” dedi. Həyəcandan ağladım, telefonu yerə çırpdım, oğlumla birgə qızımgilə getdim. Ulduzun meyiti tanınmaz halda, tövlənin sol tərəfində idi. Polislər bizi oradan uzaqlaşdırdılar. Hadisənin necə və hansı səbəbdən baş verməsini bilmirəm. Sonradan eşitdim ki, Murad Ulduzun Şeyda ilə yaxın münasibətdə olmasından şübhələnib. Şeyda Rusiyadan gələndən bəri Muradla və analığı Şərqiyyə ilə yola getməyib, daim evdə söz-söhbət, dava-dalaş salıb. Bunun səbəbi isə Şeydanın mülk davası etməsi olub. Kənd camaatı da bunu bilirdi. Qızımın Şeyda ilə münasibəti haqda heç nə eşitməmişəm”.

“Ulduzla münasibətimiz ata-bala kimi olub”

Şahid qismində dindirilən Şeyda Ələsgərov ifadəsində Rusiya Federasiyasının Tümen şəhərindən deportasiya olunduqdan sonra ötən ilin may ayından etibarən Azərbaycana gələrək ögey qardaşı Muradın ailəsi ilə birlikdə yaşadığını göstərib:

“Həyat yoldaşım və iki oğlum Rusiyada yaşayır. Heç yerdə işləmirəm. Oğlanlarımın göndərdiyi pullar hesabına dolanıram. Murad atamın ikinci arvadından olan oğludur. Kəndə gələndən sonra Muradla anası mənimlə yola getmirdilər. Deyirdim, evə yaxşı baxın, dağıtmayın, elə fikirləşirdilər ki, onları ata yurdundan çıxaracağam. Murada doğma qardaş kimi öyüd-nəsihət verirdim, amma məni qəbul etmirdi. Arvadıyla mehriban idilər. Amma Ulduzla qaynanasının münasibətləri yaxşı deyildi, tez-tez aralarında söz-söhbət olurdu. Anasına cavab qaytardığına görə Murad arvadına həmişə irad bildirirdi”.

Şahid ifadəsində göstərib ki, sübh tezdən qardaşı uşaqlarının ağlamaq səsinə yuxudan oyanıb, tövlənin qarşısında Ulduzun meyitini, ətrafın isə qan içində olduğunu görüb:”Meyitin yanında heç kim yox idi. Yola tərəf çıxanda Muradın anası Şərqiyyədən nə baş verdiyini soruşdum. Muradın arvadını öldürdüyünü, amma səbəbini bilmədiyini dedi. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldilər. Ulduzla münasibətimiz ata-bala kimi olub. Onunla heç vaxt tək qalmamışam. Muradın arvadını niyə öldürdüyünü bilmirəm”.

“Hər şeydən xəbərdar idim, qorxudan oğlumdan gizlədirdim”

Cinayət işi üzrə şahid qismində dindirilən Şərqiyyə Ələsgərova ifadəsində ögey oğlunun onlarla mülk davası etdiyini, yola getmədiyini, gəlini lə Şeyda arasında münasibətlərdən xəbərdar olduğunu bilsə də, bunu oğlundan gizlətdiyini göstərib:

“Gəlinlə Şeydanın münasibətlərindən şübhələnsəm də, oğlumun qorxusundan bunu gizlədirdim. Bir dəfə Murad Ulduzun atasını söymüşdü, Şeyda oğlumu da, məni də möhkəm döydü. Bizə “Ulduzla işiniz olmasın, ikinizi də boğub öldürərəm” dedi. Hadisədən dörd-beş gün əvvəl Murad onların münasibətlərindən şübhələnmişdi, damın üstündə olan vaxt Şeydanın Ulduzu zirzəmiyə çağırdığını eşitmişdi, onları bir yerdə evin arxasında da görmüşdü. Buna görə də Ulduzu öldürəcəyini deyirdi. Oğluma gəlini boşamağı məsləhət gördükdə mənə, “onu boşasam, Şeyda da məni öldürəcək” dedi”.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

BAKU.WS