SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ARB TV-nin "Rezonans" verilişi cibgirlik üstündə məhkum olunanların hekayələrini təqdim edirik.

Məhkum qadın (cəzası 5 il 6 ay): "Mənim anam narkoman idi. Evimizə oğrular da, cibgirlər də, narkomanlar da gəlirdi. İki bacı olmuşuq, anam həmişə digər otağa keçməyimizi tapşırırdı. Amma istər-istəməz görürdüm. Anam narkotik üstündə tutuldu. Anam həbsdən çıxanda yoldaşım məni qaçırdı. Sonra hər ikisi tutuldu. 18 yaşım olanda ortalıqda qalmışdım. Anamdan sonra bacım da narkotikə oturdu. Bacım narkotikdən rəhmətə getdi, ondan 1 ay sonra anamın ürəyi partladı. Daha sonra bir nəfər var idi, anamı da tanıyırdı. Onun yanına getdim ki, qulluqçu da olsa işləyim. Mənə dedi ki, sənə başqa iş verəcəm, pul da verəcəm, yanımda duracaqsan sadəcə. Səhəri gün yanına gəlib dururdum, görürdüm ki, oğurluq edir. Mən də həvəsləndim. Bir dənə oğlan mənə hər şeyi öyrətdi. Qıraqdan baxıb görürsən ki, pul var açıb götürürsən. Elə götürürdük ki, hiss etmirdilər. Kiminsə çantasını oğurlayıb içini açanda görürdüm pul azdı, qaytarırdım ki, yerə düşüb götürün. Dükana girib görürdük ki, 5 min avroya köynək, 8 minə şalvar alır. Demək ki, qızın pulu var. Onu götürürdük. Oğurluğun növləri olur. Kimdən nə pul götürmüşəmsə, yadımda qalır".

Fəqan Qafarov (5 il 6 ay, ümumi 16 il): "2 ildə bir dəfə içəri girirəm. Ümumilikdə 16 illik cəzam var. Bir dostum mənə ilk oğurluğu başa saldı. Neftçilərdə bir dükanı göstərib dedi ki, mobil telefonlar və qızıl var. Həmin adamı qorxuzub onları əlindən aldım və şam ağacları olan əraziyə girdim. Ağacın başına çıxdım ki, sakitlik olanda çıxım. Oğurladığım telefonlardan birinə zəng gələndə məni tutdular. Həbsdən çıxandan sonra yenə davam etdim. Bu işə peşəkar yanaşdım. Cibgirlikdə əsas barmaqlardır. Bu danışdıqlarımı özümə fəxr bilmirəm. Bir dəfə marşrutda gedəndə çanta açıldı, gördüm kalan pul var. 700 manata yaxın pul apardım, onu aparanda çox həyəcanlandım. Bir dəfə də yaşlı kişinin cibindən 300 manat götürdüm. Sonra avtobusda bir nəfərin telefonunu götürdüm, taksiyə mindim. Gördüm ki, "naparnik"imi tutublar. Məni satdı, atamın yanına getdilər. Atam həmin adama dedi ki, telefonu verirəm üstündə bunun təzəsini də alıram, təki şikayətçi olma. Amma 3 il 7 ay iş verdilər. Avtobusa minəndə görürəmsə, başqa cibgir var, düşürəm. Qorxuram ki, başqa cibgir anamın cibinə girə. Xalqımıza məsləhət verirəm ki, diqqətli olsunlar".
 
BAKU.WS