VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı Ağır Cinayətlər Məhkəməsində barda adam öldürməkdə təqsirləndirilən Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS "qafqazinfo"-ya istinadən xəbər verir ki, , hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.

Şahid Könül Əliyeva ifadə verərək tez-tez barlara getdiyini, həmin gün isə X.Paşayevi 2 barda gördüyünü deyib: "Əvvəl rəfiqəm Xəyalə ilə 20-ci sahədə bir bara girdim, bu oğlan orada tək oturub pivə içirdi. Ordan çıxıb Bayıldakı bara getdim, Xəyalə maşında məni gözləyirdi. Mən orda olanda bu oğlanla rəhmətə gedən oğlan arasında mübahisə oldu. Mən bunlara dedim ki, sakitləşin, sizə problem lazımdır? Bunlar aralaşdılar, sonra bıçaq çıxarıb onu vurdu. Vurandan sonra çölə qaçdı, rəhmətliyin yanındakı 2 oğlan da bunun arxasıyca qaçdılar. Vurulanı xəstəxanaya apardılar. Ölən oğlanın "kurtka"sı ilə telefonunu yerdən götürüb xəstəxanaya apardım, orada polisə verdim. Telefonu götürəndə yerdə dəstəyi qırıq bıçaq da gördüm, amma onu götürmədim".

K.Əliyeva deyib ki, içkili olduğu üçün gənclərin nəyə görə dava etdiklərini bilməyib.

Təqsirləndirilən X.Paşayev deyib ki, şahid K.Əliyeva mübahisənin səbəbini bilsə də, qorxusundan demir: "Ceyhunla Eldəniz mənim üstümə hücum edəndə bu xanım bizi aralaşdırdı, yəqin indi kimdənsə qorxduğu üçün demir".

X.Paşayev hadisənin nəyə görə başladığını da deyib: "Barda rusdilli bir qız var idi, piyan idi. Həmin qız qışqıra-qışqıra danışırdı. Ceyhun da buna görə o qızla mübahisə elədi. Mən onları aralaşdırdım, Ceyhuna dedim ki, bu qızı tanıyıram. Sonra onlar mənlə dirəşdilər ki, sən bu qızı hardan tanıyırsan? Üstümə gəldilər, beşbarmaq çıxartdılar. Mən də gedib bıçaq götürdüm ki, yenə dava düşsə, gücüm çatmasa, mən də nəsə edə bilim". 

Digər şahid Qalib Qəhrəmanov deyib ki, hadisə baş verən bar onun atasının olub: "Həmin gün atam biraz xəstələnmişdi, əvəzinə mən orda idim. Xəyyam əvvəldən barda oturub pivə içirdi. Ceyhun da gəlib bununla çox maraqlandı, bundan soruşurdu ki, haralısan, hardan gəlmisən filan. Biraz mübahisə etdilər, mən yaxınlaşıb Xəyyama dedim ki, dava etməyin, polis gəlib buranı bağlayacaq. O da dedi yaxşı, sakitləşib yerində oturdu. Sonra məndən siqaret istədi, dedim yoxdu. Çölə çıxdı, fikirləşdim yəqin siqaret almağa gedib. Amma pencəyi və pul qabısı stolun üstündə qalmışdı. Xəyyam qayıdanda Ceyhun bunun stolunda oturmuşdu. Bu da gedib onun başının üstündə dayandı, dedi niyə yerimdə oturmusan. Buna görə davaları düşdü, Xəyyam bıçaq çıxarıb onu vurdu, sonra da pencəyini götürüb getdi. Ceyhun namaz qılan idi, amma həmin gün çox içmişdi".

C.Qurbanovun atası Rüstəm Qurbanov deyib ki, oğlunun hər hansı problemi olmayıb: "İki gün əvvəl babası rəhmətə getmişdi, bəlkə ona görə kefsiz olub".

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən "Məkan" kafesində baş verib.

1984-cü il təvəllüdlü Xəyyam Paşayev 25 yaşlı Ceyhun Qurbanovun ürəyindən bir bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Ceyhun Qurbanovun digər qardaşı 2016-cı ildə yol qəzasında vəfat edib.
 
BAKU.WS