VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Günortaydı. Yanımda oturmuşdu. Mənə əl edib otaqdan çıxdı. Bir dəqiqə keçmədi, tappıltı gəldi. Elə bildim, "duxovka"nın üstündən hoppandı. Qaçdım eyvana, gördüm, yoxdu. Hamama baxdım, orda da yoxuydu. Birdən gözüm mətbəxə sataşdı. Pəncərə açıq idi. Qarşısında da stul vardı...".

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu sözləri ürək ağrısı ilə Əlinin anası danışır. Əli iki gün əvvəl altıncı mərtəbədən yıxılıb, ancaq xoşbəxtlikdən yaş yarımlıq uşağın burnu belə qanamayıb. Hadisə ötən şənbə Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib.  Ayaqları üstündə durmağı yeni-yeni öyrənən Əli bir göz qırpımında oturacağı pəncərənin önünə çəkib, əvvəl oturacağa, sonra da pəncərənin qarşısındakı stola çıxıb. Ordan da...

Ailəni bu gün ziyarət etdik. Qapını atası Sadiq Hüseynov açdı. Gəliş səbəbimizi izah edirdik ki, atasının ayaqlarının arasından Əli göründü. Möcüzəli şəkildə 20 metr yüksəklikdən düşüb sağ qalmış möcüzə uşaq.

Anası danışır ki, Əlinin dünyaya gəlişi də möcüzə olub. Hələ ana bətnində olarkən həkimlər hamiləliyin normal olmadığını, dərhal sonlandırılmalı olduğunu söyləyir. Lakin gənc qadın buna qəti etiraz edir. Ananı razı sala bilməyincə, həkimlər Sadiqlə danışır. Ata da eyni cavabı verincə, ananın dilindən arayış alırlar ki, doğuşda hər hansı bir faciə yaşanarsa, həkimlər məsuliyyət daşımır. Həmin arayışı yazandan bir neçə ay sonra möcüzə baş verir. Tibb elmində nadir görülən möcüzə. Və Əli sağ-salamat dünyaya gəlir. Gəlişiylə həkimləri də təəccübləndirir. Ailənin Əlidən başqa daha 3 övladı da var. 11 yaşlı Razi, 9 yaşlı Şamama və 6 yaşlı Mehdi.

Anası deyir, Allah Əlini ikinci dəfə onlara bəxş edib. Hadisəni isə yuxu kimi xatırlayır.

- Mətbəxin pəncərəsini heç vaxt açmazdım. Nəsə həmin gün açdım. Bilmirəm niyə?! Bəlkə də pəncərənin ilk dəfə açıq olması onun diqqətini cəlb etmişdi. Amma qarşısına stol qoydum ki, uşaq yaxın gəlməsin. Ağlıma da gəlməzdi ki, bu çəlimsiz uşaq ağır stulu çəkib üstünə çıxa bilər. Adətən nəsə edəndə gülər, səs edərdi. Mən də dərhal qarşısını alardım. Bu dəfə səssiz edib. Stulu qaldırması mümkün deyil. Maksimum sürütləyə bilər. Nə əcəbsə döşəmədə sürünən zaman stulun səsi gəlməyib. Otaqda televizor da işləmirdi. Sakitlik idi. Mətbəxə keçənə qədər divanda oturub oynayırdıq ana-bala. O səs...  (Əli pəncərədən düşərkən əvvəl alt qonşunun pəncərəsinin dəmirinə dəyib. O səsi nəzərdə tutur)

Səsi titrəyir.

- O gün eyvanda paltar sərirdim. Bir anlıq yuxarıdan aşağı baxdım və düşündüm ki, uşaqların biri burdan düşsə, mən nə edərəm?! Sonra Allaha çoxlu dua etdim. Yalvardım ki, balalarımı qorusun.

Allah bu dəfə də onun səsini eşidir. Əlinin pəncərədən yıxıldığı vaxt ikinci mərtəbədəki qonşu sərgiyə adyal sərir. Adyalın kənarı yerə dəyməsin deyə hər iki ucunu ipə bağlayır. Bir neçə dəqiqə sonra altıncı mərtəbədən düşəcək Əli üçün sanki beşik hazırlayır. Qonşu deyir, elə ki, üzümü çevirdim, gördüm, göydən nəsə qaraltı düşdü. Əvvəl elə bilib, binanın damından pişik düşüb. Adyal uşağın ağırlığından birinci mərtəbəyə düşür. Adyalı götürmək üçün aşağı düşən qonşu içində nəyinsə tərpəndiyini görür. "Pişiyi" azad etmək üçün adyalı açarkən əvvəl uşağın əlini görür. Qorxu və təşviş içində adyalı aralayır. Deyir, uşaq adyala elə bürünmüşdü ki, sanki kimsə bələmişdi.

Əlini qucağına sıxıb davam edir.

- Düşündüm, bitdi, uşaq yerə düşdü və öldü. Hicabı taxıb aşağı düşdüm. Aşağı düşərkən dayımın yoldaşını düşündüm. Bir neçə il əvvəl 19 yaşında dayım oğlu işlədiyi binanın 17-ci mərtəbəsindən düşüb ölmüşdü. Dayım arvadının nələr çəkdiyini bir anlıq hiss etdim. Düşündükcə ürəyim sıxılırdı. Aşağı çatanda Əli qonşunun qucağında idi. Heç yerində qan yoxuydu. Amma gözləri yumulu idi. Öldüyünü düşündüm.

Həmin an ürəyi gedir. Ayılanda görür, Əli yoxdu.

- Qonşular təcili yardımla "Semaşko"ya çatdırmışdılar. Mənə də and verirdilər ki, sakitləşim, Əli sağdı. Hətta dizi belə sıyrılmayıb. Əvvəl inanmadım. Düşündüm, məni təsəlli etmək üçün deyirlər. Elə şey olar, uşaq yüksək mərtəbədən düşə və heç nə olmaya?! Allaha min şükür, düz imiş. Məni inandırdılar ki, uşaq ona görə gözü yumulu olub ki, bir neçə dəqiqə havasız qalıb. Boğulan fason olub. Üstəlik, adyalın içində də havasız qalıb.

Hadisə baş verən vaxt Əlinin atası Sadiq Hüseynov işdə olub. Təcili yardım qonşulardan uşağın atası ilə əlaqə saxlamağı istəyib. Bu zaman Sadiqin qorxacağını düşünən qonşular ona uşağın pilləkəndən yıxıldığını və təcili yardımla xəstəxanaya apardıqlarını deyir. Sadiq o zaman da ürəyinin rahat olduğunu xatırlayır.

- Ürəyim rahat idi. Əlinin dünyaya gəlişi də möcüzə idi. Arxayın idim ki, Allah oğlumu qoruyacaq. Ona pis heç nə olmadığını hiss edirdim. Hətta yanımdakılar təklif etdilər, sükan arxasına keçməyim. Uzaq yoldu, həyəcandan qəza filan edərəm. Onları da sakitləşdirdim ki, hər şey yaxşıdı. Xəstəxanaya çatanda gördüm, Əlini xərəyə uzadıblar, "soska" əmir (Əli yuxarıdan düşərkən "soska"sı boğazında olub). Bədəninə baxdım, bir dənə cızıq belə yoxuydu. Həkimlərlə görüşdüm, bütün müayinələrdən keçirmişdilər.

1 saylı Kliniki Tibb Mərkəzdə Əlini bütün müayinələrdən keçirirlər. Uşağın tam sağlam olduğu qənaətinə gəlinir və xəstəxanada saxlamağın mənası olmadığı, istədikləri vaxt onu evə apara biləcəklərini deyirlər.  Elə həmin gün də onlar evə gəlirlər.

Anası deyir, həmin gündən sonra o pəncərəyə yaxın getmir. İçində bir qorxu qalıb. Ancaq bu gün gücünü toplayıb Əlinin yuxarıdan aşağıya doğru düşdüyü istiqamətə baxıb. Bunu deyincə, dodaqları əsir.

- Kimsə düşünə bilər, məsuliyyətsizlik olub. Yox, məsuliyyətsiz ana deyiləm. Gözüm balalarımın üstündədir. Bir anlıq oldu. Bir göz qırpımında. Ani oldu. Otaqdan çıxanda mənə əl edib getmişdi. Ona bir şey olsaydı...

Kövrəlir.

- Əsla özümü bağışlamazdım. Əsla...

Əlinin sağ ayağında göyərti izi, sol qolunda yara var. Bunların nə zaman baş verdiyini soruşuruq. Hər ikisinin hadisəyə qədər baş verdiyini deyir. Ayağı evdə yıxılarkən göyərib, qolu isə yanıb.

Günün qəhrəmanı isə öz oyunundadı. Anası qucağından buraxan kimi pəncərəyə tərəf qaçır. Öz möcüzəsini yaşamağa davam eləmək üçün...
 
BAKU.WS