SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Həyat yoldaşını öldürməkdə təqsirli bilinən Salyan sakini, 1960-cı il təvəllüdlü Həsrət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, ittiham aktına görə, Həsrət Hüseynovun əmisi oğlu Şükür Hüseynov onun həyat yoldaşı Hicran Hüseynova ilə intim münasibətdə olub. 2015-ci il tarixdə Həsrət Şükür Hüseynovun oğlu Zamin Hüseynovdan bu barədə məlumat alıb.

Bundan sonra Həsrət Hüseynovda qısqanclıq hissi yaranıb və o, qısqanclıq zəminində Şükür Hüseynovu öldürmək qərarına gəlib. Bu niyyətlə 16 avqust 2015-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə evdən bıçaq götürərək Kürqaraqaşlı kəndində yaşayan Şükür Hüseynovgilə gəlib.

"Eşitdim ki, arvadımla intim münasibətdə olub"

O, Şükür Hüseynova etdiyi əxlaqsız hərəkətə görə iradını bildirib. Onların arasında mübahisə yaranıb. Mübahisə sonda qətllə nəticələnib. İstintaq orqanı Həsrət Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edib və cinayət işi araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı dindirilən Həsrət Hüseynov bildirib ki, mərhum Şükür Hüseynov əmisi oğlu olmaqla, onunla bir kənddə, qonşuluqda yaşayıb: "Hadisədən bir müddət əvvəl bildim ki, Şükür arvadım Hicranla yaxın münasibətdə olub. Bu söz-söhbətə əvvəl inanmadım. Düşündüm ki, əgər deyilənlər təsdiqlənsə, arvadımı boşayacam".

"Onları bir yerdə tutmaq məqamını gözlədim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, günlərin birində arvadı Hicranın mobil telefonuna zəng gəldiyini görüb: "Zəngə cavab verəndə əmim oğlu Şükürün Hicranı çağırdığını, niyə ona cavab vermədiyini eşitdim. Daha sonra bir dəfə Hicran evdən hara isə gedərkən, onu axtardım. Bu zaman Hicranı Şükürgilin evindən gəldiyini, arxasınca Şükürün də baxdığını gördüm. Bunlar şübhələrimi artırdı. Lakin bunu dəqiqləşdirmək üçün onları bir yerdə tutmaq məqamını gözlədim".

Həsrət Hüseynov qeyd edib ki, avqustun 16-da əkin sahəsində olarkən arvadı Hicran, ona heç nə demədən evdən çıxıb və Bakı şəhərinə gedib: "Əkin sahəsindən qayıdarkən gəlinim bildirdi ki, Şükürün oğlu Zamin gəlib və Hicranı başqa kişi ilə görüb, bu səbəbdən də Hicran evdən gedib. Bundan sonra Zamin Hüseynovu evimə çağırdım. Ondan həmin məsələ ilə bağlı soruşdum. Zamin də bildirdi ki, bundan bir neçə gün əvvəl, yəni avqustun 12-də öz evlərində atası Şükürü arvadım Hicranla bir yerdə intim əlaqədə olarkən görüb. Zamin bildirdi ki, sonra bunu bildirmək üçün bizə gəlib. Lakin Hicran qabağına çıxıb və deyib ki, guya evdə yoxam. Bundan sonra bərk əsəbiləşdim və məsələni aydınlaşdırmaq üçün Şükür Hüseynovun evinə getdim. Lakin Şükür evdə olmadığından onun mobil telefonuna zəng edim görüşmək istədiyimi dedim".

"Dedi ki, arvadına sahib çıxaydın"

Həsrət Hüseynov bildirib ki, 10-15 dəqiqə keçmiş Şükür ona zəng edib və öz evində olduğunu bildirib: "Şükür dedi ki, gəl, görüm nə istəyirsən. Buna kimi bir qədər spirtli içki qəbul etmişdim. Şükürün zəngindən sonra mətbəx bıçağını götürdüm və onlara yollandım. Həyətə daxil olduqda Şükürü orada tək gördüm. Həmin vaxt həyətdə və ya evdə başqa adam, o cümlədən Şükürün arvadı Güləzbanı görməmişəm. Şükür məni həyətdə qarşıladı, nə məqsədlə gəldiyimi soruşdu. Şükürdən nə üçün arvadımla mənə xəyanət etməsini soruşdum. Şükür də öz növbəsində məni qeyrətsiz adlandırdı. Dedi ki, arvadına sahib çıxaydın da, sənin işini də mən görürəm. Bu sözlərdən sonra onunla tutaşdım. Həmin vaxt Şükür bıçaq çıxarmışdı. Mən də əsəbiləşdiyimdən özüm ilə gətirdiyim mətbəx bıçağını çıxardım və Şükürə bir zərbə vurdum. Bundan sonra başımdan zərbə aldım. Sonradan bildim ki, bu zərbəni mənə Şükürün oğlu Zamin vurub. Həmin vaxt Zamin oğlum Xəyyamla birlikdə Şükürgilə gəliblər və Zamin məni həyətdəki stulla başıma vurub. Sonra oğlum Xəyyam məni başımdan aldığım xəsarətlə bağlı xəstəxanaya apardı".

13 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsrət Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib.

Məhkəmənin hökmü ilə Həsrət Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq Həsrət Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorluğun protesti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilməyib.

Bu qərardan narazı qalan prokurorluq kasasiya protesti verib. Prokurorluq Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılmasını istəyib.

Prokurorluğun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurorluğun şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun protesti təmin edilməyib.
 
BAKU.WS