SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir neçə gün əvvəl əlil gəncə qarşı zorakı hərəkətlər etməklə mətbuatın gündəminə gələn Masallı Yol Polisi Bölməsinin baş inspektoru, kapitan "Şəmi” ləqəbi ilə tanınan Şəmşir Kərimovla bağlı maraqlı məqam ortaya çıxıb.
 
Bakipost.az xəbər verir ki, işlədiyi ərazidə avtomobillərdə əlavə avadanlıqların quraşdırılması, konstruksiya dəyişikliyinə və pərdə taxılmasına qarşı qəddar davranması ilə seçilən baş inspektor öz şəxsi avtomobillərində məhz bu qanunazidd əməlləri həyata keçirib. Masallı sakinlərinin sözlərinə görə, ona məxsus olan, əsasən oğlunun idarə etdiyi "Niva” markalı avtomobildə konstruksiya dəyişikliyi edilərək ön təkərlər qaldırılıb. Bundan başqa Şəmşir Kərimovun özünün idarə etdiyi (texniki pasportu öz adınadır) 44 BC 999 nömrə nişanlı "Mercedess” markalı avtomobil kustar üsulla quraşdırılmış pərdələrlə sürülür.

Şikayətçilər dediklərini sübut etmək üçün redaksiyamıza video da göndəriblər. Bakı-Ələt şosesində, aprelin 1-i,  saat 12:45-də çəkilən videodan görünür ki, avtomobilin arxa qapılarında pərdə var. Videonu göndərən Masallı sakinləri iddia edir ki, həmin vaxt yol polisi Ş.Kərimov sərnişin kimi əyləşib, avtomobili isə onun oğlu idarə edir.

"Gördüyünüz kimi, "Şəmi” özü pərdə ilə gəzir. Oğlu da avtomobili məhz belə idarə edir. Rayonda isə hamını pərdəyə görə saxlayır və cərimələyir. Yerli camaat isə bundan qıcıqlanır. İnanın ki, onların pərdə ilə gəzməsindən sonra sanki acığa hamı pərdə taxmağa başlayıb. Necə ola bilər ki, polis özü tabe olmadığı qanunlara adi vətəndaşların tabe olmasını tələb etsin?! Yadımızdadır ki, daxili işlər naziri Ramil Usubov müşavirələrin birində polislərə dedi ki, zəhmət çəkib özünüz kəmər taxın ki, sürücülərdən də bunu tələb edəsiniz. İndi bu "Şəmi” özü bütün yol hərəkəti qanunlarını kobud və nümayişkaranə şəkildə pozur. Amma eyni hərəkətləri edən sürücüləri amansızcasına cəzalandırır. Bu necə ola bilər?” - deyə  şikayətçilər sual edir.

Məsələ ilə bağlı Şəmşir Kərimov iddiaları təkzib edib: "O avtomobili mən idarə etmirəm, qardaşıma vermişəm. İnanmıram ki, o, pərdə ilə idarə etsin. İkinci, pərdəylə idarə edirsə, saxlayıb cərimələsinlər. Bunun mənə nə dəxli?”. Videoya gəlincə, baş inspektor buna inanmadığını deyib: "Həmin maşında açılıb bağlanan pərdə var. Lakin onlar qanunun icazə verdiyi müddətdə istifadə olunur. İnanmıram qardaşım qanunları pozsun. Ola bilər ki, həmin video indi deyil, başqa vaxt, yəni pərdə taxılmasına icazənin olduğu vaxt  çəkilib”.
 
BAKU.WS