VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakının Qaradağ rayonunda yaşayan Xansənəm Abbas qızı Əliyeva Avtosfer.az-a yol polisi əməkdaşının hərəkətləri ilə bağlı müraciət ünvanlayıb. 

BAKU.WS xəbər verir ki, Xansənəm Əliyeva Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsindəki kafedə ofisiant işləyir. 

O bildirib ki, fevralın 1-də işlədiyi kafenin yaxınlığında bir qadın və azyaşlı qız uşağı görüb. 

Onlar bir müddət qarlı-şaxtalı havada yol kənarında qalıblar və bir neçə dəfə avtobus saxlatdırsalar da, minib gedə bilməyiblər:

"Uşağın vəziyyəti daha ağır idi. Üzünün rəngi dəyişmişdi. Bir qədər sonra yol polisi işçisi Rəşad gəldi, həmin qadınla nəsə danışandan sonra onları kafeyə gətirdi. Qadın da, uşaq da soyuqdan donmuşdular, danışa bilmirdilər. Rəşad onlara yemək aldı, sonra da pul verdi ki, taksiyə minib evə getsinlər. Qadının adı Vüsalə, onun üç yaşlı uşağının adı isə Zəhra idi. Vüsalənin sözlərinə görə, onlar Ağdaş rayonundandırlar”.

Araşdırma zamanı məlum olub ki, Rəşad adlı həmin yol polisi əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) əməkdaşı, baş serjant Ağayev Rəşad Bahadur oğludur. O, belə bir hadisənin baş verdiyini təsdiq edərək bildirdi ki, qarlı havada gecə səhərə qədər iş başında olub. Səhər evə gedərkən yolda qadınla uşağı görüb və avtomobili saxlayıb: 

"Bakı-Qazax yolunun 15-ci km-də yerləşən müvəqqəti duracağın yanında dayanmışdırlar. Onlara yaxınlaşanda dəhşətə gəldim. Vəziyyəti tam izah etməkdə çətinlik çəkirəm. 

Uşaq donmuşdu. Qadından burada niyə dayandıqlarını soruşdum. O bildirdi ki, yardım almaq üçün Sosial Müdafiə Fonduna gəlmişdirlər. Buta qəsəbəsində yaşayırlar. Lakin pul ala bilmədikləri üçün yolda qalıblar. Ağdaşa getməlidirlər. Pulları olmadığı üçün avtobus sürücüləri onları aparmaqdan imtina edib. Buna görə də, yolda qalıblar. Ac-susuz saatlarla orada gözləyiblər. Mən də imkan dairəsində onlara kömək edib yola saldım. Yaxınlıqdakı kafeyə apardım, isindilər, yemək yedilər, sonra da pul verdim ki, rayona gedə bilsinlər.

Onlara kömək etdiyim üçün çox rahat oldum. Mən həm polis əməkdaşı, həm də vətəndaş kimi bunu etməkdən şərəf duyuram. Hər bir azərbaycanlı çətin anda bir-birinə əl tutmalıdır, kömək etməlidir. O uşağın vəziyyəti hələ də yadımdan çıxmır. İnşallah, hər ikisi sağ-salamat evlərinə çatıblar”. 
 
BAKU.WS