Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda qalmaqal baş verib. Prosesdə şahid ifadə verərkən zərərçəkmişin qohumları narazılıqlarını bildiriblər.

Zərərçəkmişin qohumları hakimlə mübahisə edərək onlara da söz vermələrini tələb edib və tərəflər arasında dava düşüb.

Daha sonra zərərçəkmişin qohumları hakimə etiraz edərək məhkəmə zalını tərk edib və məhkəmə qeyri-müəyyən tarixə təxirə düşüb.

İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində, Rövşən Nəbiyev küçəsi, 23 ünvanında Ağayevlər ailəsinin həyətində toyaxşamı məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində A.Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmağa çalışıb. Bu zaman bıçaq Ə.Məmmədovun sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən A.Ağayevi saxlayıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
 
BAKU.WS