SİZİN REKLAM BURADA!
055 213 76 73


Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Mehdi Elgün oğlu Manafovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, Bakı şəhər sakini 17 yaşlı Nemət Əbdül oğlu Əhmədovun meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.

Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Rəvan Hacıəhməd oğlu Bəşirovun axtarışları davam etdirilir.

Qeyd edək ki, iyulun 23-də axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə çimərkən boğulub.

***10:13

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, 18 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 23-də FHN-in “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.

***08:18

Siyəzəndə dənizdə 3 nəfər batıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.

"Report"un məlumatına görə, iyulun 23-ü axşam saatlarında dənizdə boğulanlar - Zarat kənd sakinləri 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəlludlü Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 2006-cı il təvəllüdlü Əhmədov Nemət Əbdül oğlu olublar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

BAKU.WS