SİZİN REKLAM BURADA!
055 213 76 73


SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın zamanı xəsarət almış mexanikin səhhətində problem yoxdur, iş fəaliyyətini davam etdirir.

Bu barədə “SOCAR Downstream Management” MMC-dən məlumat verilib.

Bildirilib ki, iyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində 600 kubmetrlik E3-1 hidrotəmizlənmənin ilkin emal benzini qurğusunun qoruyucu klapanının dəyişdirilməsi zamanı havayla təmas nəticəsində yanğın baş verib. Alovlanma xammal çənlərinə qalmış qalıq xammalında olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam olaraq söndürülüb.

Vurğulanıb ki, yanğın zamanı ərazidə çalışan və yüngül xəsarət alan mexanikə yerində ilkin tibbi yardım göstərilib, səhhətində hər hansı problem yoxdur, iş fəaliyyətini davam etdirir. “Azərikimya” İB-nin texnoloji istehsal prosesi̇ normal rejimdə çalışır.

***19:48

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.

Bu barədə FHN-ə istinadən xəbər verir.

Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.

**14:45

“Bu gün saat 11:16 radələrində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda yanan kürə tipli neft çənidir: “Həcmi 600 litrdir".

“Kürənin üst hissəsində nəfəsalma klapanları var. Həmin klapanlar da benzindir. Benzin məhsulunun parları çıxaraq alışır. Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi isə saatda 25 tona bərabərdir. Bu proses təxminən 6-7 saat çəkəcək. Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib”, - FHN rəsmisi vurğulayıb.

***13:40

Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə BAKU.WS FHN-ə istinadən xəbər verir.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.

***12:03

Sumqayıtda zavod yanır.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO