SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində ittiham olunan şəxlərin cinayət işi üzrə növbəti məhkəmə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyev sədrli ilə keçirilən prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verərək bildirib ki, dəymiş ziyan dövlət tərəfindən ödənildiyi üçün şikayətçi deyil. 

Şahid qismində dindirilən Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupunun əməkdaşı E.Əbilov deyib ki, həyəcan siqnalı aldıqdan sonra dərhal hadisə yerinə gəliblər. O qeyd edib ki, hadisə yerinə çatan zaman alov bütün binanı bürümüşdü. "İçəri tüstü idi, insanları təxliyyə etdik” - deyən şahid suala cavab olaraq heç bir partlayış səsi eşitmədiyini bildirib. FHN-nin digər əməkdaşları - Elçin Əbilov, Anar Hacıyev və Asif Əhmədov da oxşar ifadələr veriblər. Anar Hacıyev "Biz xilasediciyik, siz binanı yandıranı tapın” deyə ifadəsinə əlavə edib. 

"Bu material çətin yanan materiallar qrupuna aiddir”

FHN tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin elmi-tədqiqat insitutun direktor müavini  Azər Xanlarov şahid qismində ifadə verərək bildirib ki, binaya vurulan üzlüklə bağlı açıq alovdan başqa bütün sınaqları aparıblar. "Bununla bağlı olan sınaq protokolunda da göstərilib ki, bu material çətin yanan materiallar qrupuna aiddir. Verdiyim protokolu təsdiqləyirəm”.

Dərnəgül Boru-Prokat Zavodunun işçisi Zaur Əliyev ifadəsində anbardar işlədiyini, heç nədən xəbəri olmadığını deyi: ”Laboratoriyaya heç bir aidiyyatım yoxdur. Mən çöldə işləmişəm”.
 Şahid İlqar Vəliyev ifadəsində deyib ki, 2007-ci ildən hadisə baş verən günə qədər "Global Constuction”MMC-nin direktoru vəzifəsində çalışıb.  O qeyd edib ki, yanğın hadisəsi baş verən gün ona zəng vurub telefonla məlumat veriblər. "Hadisə yerinə gedərkən təkrar zəng gəldi və MTN əməkdaşlarının ofisdə axtarış apardıqlarını dedilər. Yoldan geri qayıtdım. Ofisə gələndə gördüm ki, hər yanı mühasirəyə alıblar. Heç kimi içəri buraxmırdılar. Özümü təqdim etdim, içəri keçdim. Bizə ümumi suallar verdilər. Miryusif Mahmudovu özləri ilə aparanda mən də getmək istədim. Dedilər ki, sənə ehtiyac yoxdur”.

O, "poliuretan” məhsulunun keyfiyyəti ilə bağlı bildirib ki, material 2011-ci ilin əvvəlindən tətbiq edilib. "Ofisimiz də, Miryusif müəllimin uşaqlarının oxuduğu məktəb də, Dövlət Sərhəd Xidməti Akademiyasının binası da həmin materialla üzlənib”. Şahid vurğulayıb ki, şirkətin 500 nəfər işçisi Miryusif Mahmudovla bağlı ölkə başçısına müraciət ünvanlayıb. 

"Miryusif özü mənə demişdi ki, onu MTN-ə çağırıb pul istəyirlər”

Şirkətdə direktor müavini işləmiş Şahin Kərimov isə ifadəsində bildirib ki, hadisə baş verən zaman ofisdə olub. O qeyd edib ki, yanğın hadisəsindən sonar MTN əməkdaşları ofisdə axtarış aparıblar. "Yuxarı qalxanda gördüm ki, Miryusif Mahmudovla söhbət edirlər. Ondan əvvəl Miryusif özü mənə demişdi ki, onu MTN-ə çağırıb pul istəyirlər”.

Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı Əli Vəliyev ifadəsində deyib ki, həmin ərazidə təmizlik işlərinə baxıblar və üzləmə işlərinə nəzarət səlahiyyətləri olmayıb. "Biz ancaq süpürgə ilə məşğul olmuşuq, təmizliyə baxmışıq”.

"Miryusif müəllim həmin pulları MTN əməkdaşlarına vermişdi”

"GlobalStone” və "Global Construction” MMCnin baş mühasibi Vüsal Tağıyev bildirib ki, yanğın baş verən gün ofisə çoxlu sayda yad adamalar gələrək axtarış aparıblar.  "Sonradan öyrəndim ki, axtarış aparanlar MTN əməkdaşlarıdır. Ofisin giriş-çıxışını kəsərək hərəkəti məhdudlaşdırmışdılar. Sənədləri yığdılar, komputerlərin yaddaşlarını köçürdülər. Miryusif müəllimi hara apardıqlarını görmədim. Sonradan dedilər ki, MTN-ə aparıblar, oradan prokurorluğa çağırılıb”.

Baş mühasib onu da əlavə edib ki, yanğın hadisəsindən əvvəl - 13 may 2015-ci ildə Miryusif Mahmudov ona zəng vuraraq, kassada nə qədər pul olduğunu soruşub: "Dedim ki, 50 min manat var. Miryusif müəllim dedi ki, tez onu götür gəl. Mən də pulu götürüb onun yanına getdim. Həmin pullar Miryusif müəllimin şəxsi hesabı idi. Pulu verəndən sonra vəsaiti hara qeyd etdiyimi soruşdum. Dedi ki, "MTN-geyim” yazarsan. Miryusif müəllim həmin pulları MTN əməkdaşlarına vermişdi”.
Məhkəmənin növbəti prosesi oktyabrın 31-nə təyin edilib.

Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. 
 
BAKU.WS