SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Ali Neft Məktəbinin tələbəsi Hüseyn Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq, intihar etməsinin təfərrüatları məlum olub. BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, intiharın səbəbi haqqında hələ ki iki versiya var. Biri, Hüseynin atası Maarif Abbasovun dediyi "4 kəsri vardı”  fikrindən qaynaqlanan məktəblə münasibətlər versiyası, ikincisi isə onun tələbə yoldaşlarının "valideyn günahkardır” ittihamına əsaslanan ailədə problemlər versiyası. 

Məsələ burasındadır ki, hər iki versiyanı inandırıcı edən səbəblər də var. Məsələn, Hüseynin təhsil aldığı  ali məktəbin yaydığı rəsmi açıqlamada "4 kəsr” məsələsinə konkret aydınlıq gətirilməməsi. Qeyd edək ki, BAHM ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova əməkdaşımızın "Hüseynin 4 kəsri olub, ya yox” sualına birmənalı cavab verməyib.

Burada bir məsələni də diqqətə çəkmək lazımdır ki, BAHM Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2011-ci ildə ARDNŞ-nin tərkibində yaradılıb. Burada mütəxəssis hazırlığı İngiltərənin Heriot Vatt Universiteti ilə əməkdaşlıq əsasında həyata keçirilir. Məktəbdə yüksək nizam-intizam və qayda qanun var. Tələbələrdən ciddi intizamlı davranış tələb olunur.

Məktəb haqqında aldığımız məlumatlara əsasən, onu söyləmək olar ki, burada təkcə kəsrlər deyil, nizam-intizama düzgün riayət edilməməsi tələbələrin yüksək balla qəbul olunduqları bu məktəbdən qovulmasına səbəb ola bilər. Tələbələr buradakı vəziyyətin hətta hərbi nizam-intizamla müqayisə edirlər.

Bütün bunları nəzərə alsaq, 4 kəsri olan və son vaxtlar dərslərdə müntəzəm iıtirak etməyən tələbəni nə gözlədiyini söyləmək çətin deyil. Belə çıxır ki, Hüseyn məktəbdən qovulmaq təhlükəsi ilə üz-üzə imiş. Bunu onun yaxın dostunun mətbuata açıqlamasında yer almış "başqa sahədə təhsil almaq istəyirdi” sözləri də təsdiq edir. (Aldığımız məlumata görə, BAHM-ın tələbələri təhsildə problem yarananda məktəbdən tamamilə qovulmurlar, sadəcə olaraq, başqa ali məktəbə köçürülürlər). 

Lakin bütün bunlar Hüseynin intiharında birmənalı olaraq təhsil aldığı məktəbin günahkar olması anlamına gələ bilməz. Hüseynin tələbə yoldaşlarının da onun valideynini günahlandırılmasının oxuduqları məktəbin sifarişi olması versiyası, bu ittihamı tamamilə gözardı edilməsinə səbəb olmamalıdır.

Hüseynin intiharında valideyninin günahı varmı? Tələbə dostu deyir ki, Hüseyn təhsilini başqa sahədə, yəni başqa ali məktəbdə davam etdirmək istəyib və atası buna qarşı çıxıb. 4-cü kursa qədər yüksək qiyətlərlə oxumuş bir tələbə birdən-birə təhsil aldığı nüfuzlu məktəbi niyə dəyişmək fikrinə düşsün ki?

Atanın bu məsələdə övladına müəyyən bir həddə qədər təzyiq göstərməsi də başa düşüləndir. Lakin qeyd etdiyimiz kimi, müəyyən bir yerə qədər.

İntihar çıxılmazlıq deməkdir. Bu çıxılmazlığı Hüseynə kim yaradıb? Oxuduğu məktəbmi, böyüdüyü ailəmi? Bəlkə hər ikisi bir yerdə? Hər halda biz burada aydınlıq gətirilməli məsələlər olduğuna əminik.
 
BAKU.WS