VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 27-ci Polis Bölməsinin rəis müavini Rasim Əmirov ifadə verib.
 
Şahid bildirib ki, təqsirləndirilən Lalə Mahmudova ərizə ilə müraciət edərək ərinin evdən çıxıb və bir daha geri qayıtmadığını qeyd edib: "Kamera görüntülərini izlədik. Sədi Məmmədov hadisəni törədən şəxs kimi həbs olunduqdan sonra Lalə Mahmudova da səmimi etiraf edib ki, Sədi Kamranı qətlə yetirib. Sədi də sonradan bizə törətdiyi cinayəti etiraf etdi. Lalə ifadəsində dedi ki, Sədi ilə əlaqədə olublar".
 
Lalə Mahmudova prosesdə sualları cavablandırıb. O deyib ki, heç nədən xəbəri olmayıb və yaşadığı mənzilə gətirilən qara torbaların kimin tərəfindən ora qoyulduğunu bilmir: "15 il o ərazidə yaşamışam, orada kamera olmasından xəbərsizəm.  Bilsəydim, qoyardımmı ki, kameranın qabağında ərimi öldürsünlər?"
 
S. Məmmədov da ifadəsində deyib ki, ibtidai istintaqa verdiyi ifadələrdən xəbərsizdir. O deyib ki, L. Mahmudova hadisə baş verən gün ərinin evdə olmayacağını deyib: "Evə qalxdım, gördüm, evdən səs gəlir. Aşağı düşdüm, sonra geri qayıdıb qapını bir neçə dəfə döydüm. Qapını Lalə açdı. O, mənə əli ilə sakit işarəsi göstərdi. Bu vaxt əri oyandı. Mən də o yataqdan qalxmaq istəyəndə iki dəfə atəş açdım".
 
Proses oktyabrın 7-də davam edəcək.
 
Qeyd edək ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.
 
S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyidi L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.
 
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyidi qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.
 
Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar.