Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


"Qafqazinfo ”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib.


Təqsirləndirilən Lalə Mahmudova ifadə verib. Bu zaman proses qapalı keçirilib. Onun ifadəsi başa çatdıqdan sonra iclas açıq elan olunub.


Mərhum Kamran Mahmudovun qardaşı Elçin Mahmudov ifadə verərək cinayətin üstünü necə açdığını danışıb: "Mən qardaşımla danışanda ona dedim sənə lazımdı ki, telefonlarını söndürüb gedib dincələsən. Bu, pul söhbətinə görə idi. Evdən 12 min pul itmişdi. Kamrana zəng çatmayanda dediyim bu söz yadıma düşdü, dedim yəqin gedib. Laləyə zəng etdim, dedi mən çıxanda evdə idi, qayıdanda gördüm yoxdu. Pasportunu da yoxa çıxarmışdı. Bir-iki nəfərə zəng etdim, dedilər Kamran ölkədən çıxmayıb. Bundan sonra mən bildim ki, məsələ başqadı. Kamran Lalə ilə söhbət vaxtı ona deyib ki, səni boşayıram, belə bir fikri var idi. Nəysə, xalam oğlanları gəldi, 102-yə zəng edib, məlumat verdik. Sonra 27-ci Polis Bölməsinin əməkdaşı ilə evdə yoxlanış apardıq. Mənzilə girən kimi Lalənin anası üstümə cumdu. Mənlə pul söhbəti edirdi. Orda söz işlətdi ki, "Kamran sizdən çox bizə lazım idi”. Biz fikir vermədik ki, bu keçmiş zamanda deyir. Polis də gördü hay-küydü, dedi gedək. Ordan çıxanda xalam oğlu gördü ki, kamera var. Sahibindən xahiş etdik görüntüləri diskə köçürüb verdi. Səhərə qədər oturub baxdım, səhər də aparıb polisə verdim, düşüb-çıxmaqlarını da göstərdim. Lalə zəng eləyirdi tez-tez ki, diskdə nəsə çıxdı? Dedim yox, qaranlıqdı görünmür.


Videoda görünür ki, əvvəl qardaşım, bir neçə dəqiqə sonra Sədi maşınla gəlir. Qalanını da polis etdi, İsmayıllıya da onlar getdi. Bunların hər ikisinə maksimum cəza verilməsini istəyirəm”.


Sədi Məmmədovun qardaşı Əli Məmmədov ifadə verərək mərhum K.Mahmudovun necə basdırıldığını danışıb:


"Sentyabr ayı idi, Sədi zəng edib dedi ki, ona ağac gətirəcəklər, yer qazıb hazırlayım. Mən də düzəltdim. Sədi gəldi, bir az oturdu, sonra çıxıb getdi. 1-2 gün sonra həmin yerə baxanda gördüm qazdığım çala doldurulub. Dedim yəqin heyvan düşməmək üçün özü doldurub. Gecə gördüm səs gəlir. Bağa çıxdım, gördüm çoxlu maşın var. Dedim "mən bağın sahibiyəm, burda nolub?” Məni içəri apardılar, dedilər qardaşın adam öldürüb, mən huşumu itirdim.


Sonra Sədi ilə məni üzləşdirdilər. Sədi mənə dedi "Get o qazdığın yerdə salofandadı”. Gəldim, polislər qazdı, həqiqətən də salofanda nəsə var idi. Evi də axtarandan sonra məni buraxdılar”.


Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.