VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Mədəsi olmayan odioz general məhkəmə qarşısına çıxmaq istəmir, bunun üçünsə bir yol qalır...

Ləğv edilimiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarov aclığı davam etdirir. Onun vəkili Sadiq Rəsulovun sözlərinə görə, avqustun 19-dan aclıq edən müvəkkili ötən günlər ərzində 12 kiloqram arıqlayıb. 

Hazırda Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan Akif Çovdarov barəsindəki cinayət işinin materialları ilə tanış olmaq üçün istintaqın ona az vaxt verdiyini deməklə etiraz edir, çörək yemir. Belə fikirlər var ki, A.Çovdarov düşdüyü durumla heç cür razılaşa bilmir.

MTN-dəki geniş kabinetindən qandallanaraq komfortu olmayan, saxlama şəraiti adi məişət səviyyəsindən o yana keçməyən bir kameraya  salınmasını həzm edə bilmir. O, ittiham olunduğu maddələr üzrə barəsində elə də yüngül olmayan bir hökmün çıxarılacağının da fərqindədir. İş materialları ilə tanış olmağı ilə olmamağı arasında da ciddi bir fərq  yoxdur. Vəzifədə olduğu illər ərzində yol verdiyi cinayətlərin bir qisminin ittiham aktında əks olunması A.Çovdarov uzun illər həbsdə saxlamağa, barəsində 3 beşilliyi aşan hökm çıxarmağa yetir. Belə bir halda odioz general niyə aclıq edir? 

Onun vəkilinin sağlamlığı ilə bağlı açıqladığı, xüsusilə mədəsinin olmadığı haqda məlumat dəqiqdirsə, Akif Çovdarov faktiki "xarakiri”yə baş vurub. Mədəsiz adamın aclığı özünü öldürməyə, intihara bərabər addımdır. 

Belə görünür ki, A.Çovdarov özünü öldürməklə ittihamlardan yaxa qurtarmağı, bu yolla düşdüyü durumdan qurtulmağı qərarlaşdırıb. Gununsesi.info yazıb ki, A.Çovdarov onunla görüşmək üçün Bakı İstintaq Təcridxanasına yollanan yaxınları ilə də görüşdən imtina edib. Artıq taleyi ilə barışan general yaşamaq istəmədiyini və aclığı ölənə qədər davam etdirəcəyini bəyan edib. 

"Yeni Müsavat”ın əməkdaşı A.Çovdarovun sağlıq durumu, keçirdiyi aclıq aksiyasının qeydiyyata alınıb-alınmaması və digər suallarla Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanova müraciət edib. Rəis müavini deyib ki, hazırda Çovdarovun səhhəti stabildir: "Onun həyatı üçün təhlükəli hal yoxdur”. 

İ.Qurbanov A.Çovdarovun aclıq etməsinin qeydiyyata alınıb-alınmaması ilə bağlı suala "bizdə belə bir rəsmi məlumat yoxdur” deyə cavab verib. Rəis müavini həbsdəki generalın aclıq etməsi səbəbindən tibb-sanitar hissədə saxlanılan digər məhkumlardan təcrid edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib: "Tibb sanitar hissəsində o necə təcrid edilə bilər?”

"Sabiq idarə rəisinə vaxt veriləcək, yoxsa istintaq artıq yekunlaşıb” sualını isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cavablandırıb. E.Sultanov "Yeni Müsavat” əməkdaşına bildirib ki, artıq ibtidai istintaq bitib: "Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi həmin cinayət işinin ibtidai istintaqının qurtarması barədə təqsirləndirilən şəxs Akif Çovdarov və onun müdafiəçilərinə məlumat verib. Cinayət işinin materialları tanış olmaq üçün həmin şəxslərə təqdim olunub”.

Xidmət rəhbəri "Cinayət işi nə vaxt məhkəməyə göndəriləcək”  sualına cavab olaraq bildirdi ki, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ittiham aktı tərtib edilməzdən əvvəl təqsirləndirilən şəxs və onun müdafiəçiləri, cinayət prosesinin digər iştirakçıları cinayət işinin materialları ilə tanış edilirlər: "Cinayət işinin materialları ilə tanış olduqdan sonra təqsirlədirilən şəxs və ya onun müdafiəçiləri vəsatətlər verə bilərlər”. 

E.Sultanov bildirdi ki, hazırda cinayət işi məhkəməyə göndərilmək ərəfəsindədir. 
 
BAKU.WS